"Qələbə münasibəti ilə "Neftçi”ni təbrik edirəm. "Neftçi” həmişə olduğu kimi istəkli idi”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan Premyer Liqasının XIV turu Azərbaycan derbisi ilə əlamətdar oldu. "Bakcell Arena”da "Neftçi”nin qonağı olan "Qarabağ” 4 oyunluq qələbə seriyasından sonra 0:1 hesabıyla yenilib. Matçdan sonra Ağdam klubunun çalışdırıcısı görüşü belə dəyərləndirib:
"Mən futbolçuların bir neçəsinə istirahət verib, onları qorumaq istədiyimdən heyətdə müəyyən dəyişikliklər etmişdim. Düşünürəm ki, hər iki tərəfin azarkeşləri üçün maraqlı derbi oyunu alındı. Oyunçular yorğunluq fonunda mübarizə apardılar, hər birinə təşəkkür edirəm. Sürətli və yaxşı bir oyunun şahidi olduq. Mənim heç bir hakimlə işim yoxdur, o cümlədən Ömər Paşayevlə. Əksinə, diqqətləri daha çox rəqibin oyununa yönəltmək istəyirəm. 90 dəqiqə arxada qalıb, 3 xalı "Neftçi” qazandı, qabardılası bir şey yoxdur. Rəqibin qapıçısı Aqil Məmmədov yaxşı təsir bağışladı. Ümumiyyətlə, "Neftçi” mənim üçün doğma klubdur, onların hər bir qələbəsinə sevinirəm. Məncə, çempionatda mübarizə gərginləşir, irəlidə gərgin oyunlar olacaq. Hər bir rəqib bizim üçün vacibdir, bura "Neftçi” də daxildir”.