Azərbaycan millisinin sabiq futbolçusu Dimitri Nazarov Almaniyanın “Offenbax” klubundan ayrıla bilər. Newsport.az xəbər verir ki, bu, komandanın Regionalliqadakı nəticələrindən asılı olacaq.
Belə ki, “Offenbax” hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşır və lider “Hoffenhaym II”dən 7 xal geri qalır. Burada isə yalnız birinci yerin sahibi III Bundesliqaya yüksələcək.
Düzdü, Nazarov bu mövsüm parlaq çıxış edir. 35 yaşı olmasına baxmayaraq, 11 qol, 9 assistlə komandasının liderinə çevrilib. Xüsusən də, qış fasiləsindən sonra “Offenbax”ın 15 qolundan 6-na imza atıb.
Buna baxmayaraq, rəhbərlik III Bundesliqaya yüksəlməyəcəkləri təqdirdə müqaviləsi yaya qədər olan 17 futbolçunun çoxu ilə yollarını ayıracaq. Klub gələn mövsüm də Regionalliqada qalsa, maaş büdcəsi azaldılacaq ki, belədə yüksək ödənişli futbolçuların çoxu ilə yeni saziş imzalanmayacaq. Onlar arasında Nazarovun da adı var.
Qeyd edək ki, Dimitri Nazarov 2023-cü ildən “Offenbax”ın formasını geyinir.