“Qarabağ” “pley-off”a necə çıxa bilər?

“Tottenhem”ə məğlubiyyət hamımızı üzdü. Aktivində cəmi 4 xalı olan “Qarabağ”ın qrupdan çıxma şansları çox azaldı. Ancaq ümid sonda ölür. Qrupdakı durum onu göstərir ki, təmsilçimiz səfərdə “Anderlext”ə qalib gəlsə... Məsələ ondadı ki, “Qarabağ”  səfərdən 3 xal gətirsə belə, paralel keçəcək oyunda bizə lazım olan nəticə qeydə alınmalıdı. İlk baxışdan bu, “Tottenhem”in mütləq qələbəsidi.

Ancaq Newsport.az-ın məlumatına görə, reqlamentdəki kiçik araşdırma bərabərliyin belə bizə yetəcəyini göstərir. 

Bu necə olur?

Qrupdakı hazırkı durum belədir:

 

“Qarabağ” Belçika səfərindən 3 xalla dönsə və “Tottenhem” “Monako”ya qalib gəlsə, qrupdan çıxırıq. Ancaq Londondakı matçın bərabər bitmə ehtimalını da nəzərə almaq lazımdı. Bu baş versə, birdən-birə üç komandanın aktivində 7 xal olur ki, burda da Avropa Liqasının reqlamenti ön plana çıxır.

UEFA Avropa Liqasının 2015-16-cı illər mövsümü üçün reqlamentinin, “Qrup mərhələsində xalların bərabərliyi” başlıqlı 16-cı maddəsinin 1-ci bəndində bu barədə ətraflı məlumat verilib. Şəkil aşağıdadı:

 

Burada göstərilir ki, qrupda ikidən artıq komandanın xalları eyni olduqda, ilk olaraq həmin “bu komandalar arasında bir-biriləri ilə oyunlarda qazandıqları xalların çoxluğu” götürülür. Bu halda, “Monako”, “Qarabağ” və “Anderlext” aktivlərindəki 7 xaldan neçəsini bir-biriləri oyunlardan qazandıqları vacib olur. Gəlin, hesablayaq. Bir daha qeyd edirik ki, bu ehtimallar, “Qarabağ”ın Belçikadan yalnız və yalnız qələbə qayıtması üzərində qurulur.

 

Beləliklə, başlayaq, “Monako”dan. Fransızlar “Qarabağ”la matçlarda 4 xal qazanıblar – 1:0 və 1:1. “Anderlext”lə oyunlarda isə cəmi 1 xala seviniblər – 1:1 və 0:2. Bu halda, “Monako”nun aktivində 5 xal olur.

 

“Anderlext”də durum fərqlidi. Belçikalılar “Monako”dan 4 xal alıblar – 1:1 və 1:0. “Qarabağ”la matçlarda isə bu rəqəm sıfıra bərabər olar bilər. İlk matçda biz 1:0 qalib gəlmişik, səfərdə də qalib gəlsək, onları xalsız qoymuş oluruq. Və “Anderlext”in aktivində cəmi 4 xal olur.

 

“Qarabağ” isə daha yaxşı durumdadı. Belə ki, ağdamlılar  “Monako” ilə iki qarşılaşmadan cəmi bir xal qazanıblar – 0:1 və 1:1. Ancaq “Anderlext”i Bakıda yenən komandamız, səfərdə də eyni nəticəyə imza atsa, aktivinə 7 xal yazdırır. Bu isə qrupdan çıxma deməkdir!

 

Yuxarıda yazılanlara əsasən demək olar ki, biz “Anderlext”ə qalib gəlsək, “Tottenhem”in öz evində “Monako”ya yenilməməsi yetərli olur. Bunun baş vermə ehtimalı heç də az deyil.

Ümid edək ki, “Qarabağ” qələbə qazanaraq hamımızı sevindirəcək və yeni bir tarix yazmış olacaq.

Rekord.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right