Əgər Azərbaycan futbolu bu gün ciddi struktur problemləri ilə üz-üzədirsə, bunun səbəbi yalnız texniki-taktiki hazırlığın zəifliyi deyil, daha çox sistemli yanaşmanın olmamasıdır. Qara Qarayevin dünənki açıqlamaları isə bu reallığın səssiz, amma sarsıdıcı harayı idi. Bəziləri onun futbolçuları müdafiə etdiyini düşünsə də, əslində Qarayev bu fikirləri ilə öz peşəkar mövqeyini ortaya qoydu və futbolun yalnız 90 dəqiqəlik oyunla məhdudlaşmadığını anlayacaq qədər strateji baxış sahibi olduğunu göstərdi.
“Məşq etməyə meydança tapa bilmirik, Fransa ilə oyuna heyət düzəltmək istəyirik. Nə dərəcədə mümkündür?” — bu cümlə təkcə infrastruktur çatışmazlığının yox, eyni zamanda futbola olan institusional münasibətin acı ifadəsidir. Milli komandanın uğursuzluğunu yalnız meydanda deyil, məhz idarəetmə bloklarında axtarmağı tövsiyə edən Qarayev əslində AFFA-nın fəaliyyətinə güzgü tutur.
Futbolun inkişafı üçün yalnız istedad və motivasiya kifayət etmir. Bu, həm də düzgün planlaşdırılmış idarəetmə, şəffaf qərarverici mexanizmlər və funksional strateji baxış tələb edir. Qara Qarayevin səsi isə bu fonda elə də tez-tez eşidilməsə də, dedikləri olduqca zəruri bir daxili tənqiddir — həm sistemə, həm də onun fəaliyyətsiz “elita"sına.
Azərbaycan futbolunun sağalması üçün Qarayev kimi açıq danışan, düşünən və qorxmayan simalara ehtiyac var. Onun bu açıqlamaları illərlə yığılıb qalmış struktur problemlərinin səthə çıxmış izləridir. Qarayev meydanda olduğu qədər düşüncədə də aktiv olduğunu nümayiş etdirir. Bu isə futbolçudan çox futbol adamının davranışıdır.
Mirələm HƏSƏNLİ / Sportlife.az