Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə "Qarabağ"a məğlub olan (0:1) "Kəpəz"in baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, Diniyev komandasının məğlubiyyətinin əsas səbəbi kimi heyətdəki itkiləri göstərib:
- Belə oyundan sonra danışmaq çətindi. İtkilərimiz çox idi. Düzdü, bu səbəb deyil. Müdafiədə oturub, əks-hücumlar qurmaq fikrindəydik. Bu elə oyun idi ki, 1:1 də qurtara bilərdi, 0:3 də. 0:1-dən sonra itirəcək heç nəyimiz yox idi. Buna görə də, hücumameylli oyun sərgiləməli olduq. Bundan sonra müdafiədə uşaq səhvləri buraxdıq. Birinci hissədə qorxaq futbol oynasaq da, ikinci hissədə inamlı oyun nümayiş etdirdik. Sadəcə, fərdi səhvlərdən məğlub olduq. "Qarabağ"a gələn oyunlarda uğurlar arzulayıram.
- Adətən hesabda geri düşən komanda hücumu gücləndirir...
- Əgər oyuna diqqətlə baxsaz, görərdiz ki, ikinci hissədə biz daha çox hücum edirdik. İkinci hissədə bir müdafiəçini yarımmüdafiəçiylə əvəzlədim. Bununla, mərkəzdə üstünlüyü ələ keçirmək istəyirdim. Ancaq bu bizdə alınmadı. İlk dəfə bu sistemlə oynayırdıq. Təəssüf ki, alınmadı.
- Diniyevlərin duelində yenə Coşqun Diniyev qalib gəldi. Sizcə, "Qarabağ"ın qələbəsində onun nə dərəcədə rolu oldu?
- Coşqun bu oyunda stabil oynadı. Biz yarımmüdafiədə Cumbinyo-Almeyda-Coşqun tandemiylə mübarizə apara bilmədik.
- Qışda yeni oyunçu cəlb olunacaq?
- Mən komandamdan razıyam. Açıq danışım, dekabra qədər gözləyəcəyik. Əgər dekabrda ilk "4"-lüyə yaxın pillələrdə olsaq, qışda heyət gücləndiriləcək. Ancaq bu pillədən aralı düşsək, bundan sonra heyəti gücləndirməyə ehtiyac yoxdu. İndiki halda, mən komandamın oyunundan razıyam. Əgər bu oyunda hansısa səhvlər olubsa, gələn oyunlarda bunu aradan qaldıracağıq. Bizim hazırda məşq etməyə meydançamız belə yoxdu. Ancaq bir neçə aya bizim yaxşı bazamız hazır olacaq. Baza, stadion olmasa, heç bir klub inkişaf edə bilməz. Ancaq bizim əsas problemimiz bu deyil.