Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qəbələ"nin bu turnirdə qrup mərhələsi çərçivəsində sonuncu səfər matçını ilə bağlı bəzi detallar məlum olub.
Newsport.az saytının məlumatına görə, əyalət klubu Premyer Liqanın "Sumqayıt"la səfər oyunundan sonra Yunanıstan səfərinə çıxacaq.
Noyabrın 21-də "Sumqayıt"la qarşılaşacaq "qırmızı-qaralar" iki gün sonra Qəbələdə PAOK-la oyunun hazırlıqlarına start verəcək. Komanda noyabrın 25-də doğma şəhərdən çarter reysi ilə oyunun keçiriləcəyi Saloniki şəhərinə yola düşəcək. "Qəbələ" Salonikidə "Hyatt” otelində qalacaq. Roman Qriqorçukun yetirmələri və nümayəndə heyəti vətənə noyabrın 27-i dönəcək.
Amma nümayəndə heyətinin tərkibində "qırmızı-qaralar" əsas heyət üzvlərindən olan Fakundo Pereyra olmayacaq. Belə ki, bu, əyalət təmsilçisinə məhz PAOK-dan transfer olunan Pereyranın icarə şərtlərinə əsasən olacaq. Argentinalının Yunanıstandakı qarşılaşmada iştirak etməyəcəyinə dair razılıq hələ tərəflər arasında müqavilə imzalanarkən əldə olunmuşdu. Razılaşmaya əsasən, Bakıda oynamasına heç bir əngəl olmayan cənubi amerikalının Salonikiyə bu dəfə rəqib qismində qayıtması yasaqlanmışdı. Bu səbəbdən Pereyra Qəbələdə qalıb, səfərə aparılmayacaq digər futbolçularla birgə Premyer Liqanın 14-cü turunun "Rəvan"la matçına hazırlaşmalı olacaq.
Qeyd edək ki, PAOK - "Qəbələ" qarşılaşması noyabrın 26-da baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.