Bu gün keçirilən yoldaşlıq görüşündə evdə Moldova millisini 2:1 hesabıyla məğlub edən yığmamızın baş məşqçisi Robert Prosineçki oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, xorvat mütəxəssis bunları deyib:
- Birinci hissədə bu günə qədər ən yaxşı oyunumuzu sərgilədik. Baxmayaraq ki, birinci hissənin son dəqiqələrində qol buraxdıq. Millinin oyunundan razı qaldım. Çünki bu oyunda millinin əsas heyət üzvləri Rəşad Sadıqov, Araz Abdullayev, Eddi İsrafilov kimi oyunçular çıxış etmirdilər. Onları əvəz edən gənclərin oyunundan razı qaldım.
- Millidəki yeni oyunçulardan ən çox kimin oyununu bəyəndiz? Bir də ki, bu heyətə baxaraq demək olar ki, yığmamız növbəti tsikldən yeni heyətlə oynayacaq?
- Bu gün Paşayevlə Rəhmanov ilk dəfə milli formanı geyindi. Onlarla yanaşı Ürfan, Ağabala kimi oyunçular da millidə çıxış etdilər. Bu oyunçuları bir-birindən fərqləndirmək istəməzdim. Ancaq onlarla yanaşı əsas heyətdə oynayacaq futbolçular çoxdu. Bunlara misal olaraq Eddi İsrafilovu, Ruslan Abışovu misal göstərmək olar. Təəssüf ki, məlum hadisəyə görə Cavid Hüseynov da hazırda kənarda qalıb. Bu oyunçularla birlikdə milli daha yaxşı oyun sərgiləyəcək. Növbəti tsikldə rəqib komandalara əsasən Bakıdakı oyunlarda çətin olacaq. Bunu əminliklə deyə bilərəm.
- Bu gün millidə mərkəz müdafiəçisi mövqeyində boşluq nəzərə çarpır. Rəşad Sadıqovun yoxluğunda bu mövqedə Tərlan Quliyevin çıxış etməsi gözlənilirdi? ancaq bu olmadı.
- Bəli, bizim bu mövqedə problemimiz var. Bu oyunda həmin mövqedə Maksimə şans verdim. O, klubunda da bu mövqedə bir neçə oyun keçirib. Bu oyunda elə də pis çıxış etmədi. Ancaq buraxılan qolda onun səhvi var idi. O ki qaldı Tərlana, mən onu sol kənar müdafiəçisi kimi tanıyıram. Bildiyim qədər ilə Tərlan "Kəpəz"də məcburiyyətdən mərkəzdə çıxış edir.
- Bu gün U-21 millimiz Rusiyanı 3:0 hesabıyla məğlub etdi. Bu oyunu izlədizmi? İzləmisizsə, bu komandadan milliyə kimləri namizəd görürsüz?
- Bəli, bu oyunu izlədim. Almaniya və Avstriyayla oyunları da izləmişəm. Hazırda U-21-də çıxış edən Elvin Camalov və Elnur Cəfərov kimi futbolçular vaxtilə milliyə çağırılıb. Onlar U-21-ə lazıım olduğundan milliyə dəvət etmədim. Coşqun Diniyev də diqqət mərkəzindədi. Baxmayaraq ki, heç bir milliyə dəvət edilmədi, gələn oyunlarda ona da dəvət göndəriləcək.
- Millinin hücumda problemi var. Vaxtilə millimizdə çıxış etmiş hücumçu Rüfət Dadaşovu alternativ variant kimi çağırmaq olar?
- Rüfət hazırda Almaniyanın 4-cü liqasında çıxış edir. Bağışlayın məni, ancaq 4-cü liqada çıxış edən futbolçunu milliyə çağırsam, deməli, burda çalışmamalıyam. Ya da ki, sizin futbolda nə isə səhv var. Rüfət Dadaşov mənim üçün alternativ oyunçu deyil.