Avro 2016-nın seçmə mıərhələsində 19 yaşadək futbolçulardan ibarət milli komandamız “Bayıl Arena”da Bosniya və Hersoqovinadan olan həmyaşıdları ilə görüşüblər. Matç milli komandamızın 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbəyə baxmayaraq gənclərimiz final mərhələsinə adlamağı bacarmayıb.
Newsport.az-ın məlumatına görə,qarşılamadan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Nazim Süleymanov qarşılaşmanı belə şərh edib:
“Türkiyə məğlub olsa idi bizdə şans yaranardı. Məncə biz ilk hissədə 2 qol vurmalı idik. Bu günkü oyunu əvvəlcədən oynamalı idik. Vaxtım az olduğundan bəzi futbolçuları yaxşı tanımamışam. Futbolçuları tanımaq üçün kifayət qədər turnirlər təşkil etmək lazımdır. Turnir ərzində Mahir Mədətovdan yaxşı oyun gözləyirdik. Mahir oynamaq istəmirdi. O, Türkiyə ilə oyunda əzələsini dartdı. Amma əzələsini dartan futbolçu stadionun baryerindən necə tullana bilər? Bü gün ehtiyat qüvvəmiz az idi. Seçim imkanımız yoxdu. Azərbaycanda futbolçu qıtlığı var. Əgər yaxşı hücumçumuz olsaydı daha yaxşı nəticə əldə edə bilərdik. Əgər imkanımız olsaydı futbolçuların 65%-ni komandadan qovardım. Gutbolçuların düşüncə tərzi zəifdi. Futbol dərsini götürmək istəmirlər. Amma həyatda bütün pis xüsusiyyətləri götürməyə hazırdırlar. ”