“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia “Fənərbaxça”da oynadığı günləri xatırlayıb. Əlcəzair millisinin üzvü Omar Elabdellaouinin “Qalatasaray”da başına gələnlərdən də danışıb.
Newsport.az xəbər verir ki, 30 yaşlı oyunçu Türkiyədə başına gələnləri nəql edib: “Hər şey gözəl başlamışdı. Koku baş məşqçi idi, amma tezlklə qovuldu. Nəticələr pis olsa da, mən yaxşı oynayırdım. Prezdent Ali Koç 10 milyon avroluq transfer haqqını ödəyib məni “Lill”dən birdəfəlik almağı düşünürdü. Lakin nə baş verdisə, hər şey bir anda dəyişdi, mən lazımsız oldum”.
Benzia 2019-cu ilin əvvəlində olanlardan şoka düşüb: “Yanvarda təlim-məşq toplanışına getdik. Ərsun Yanal yaxşı oyunçu olduğumu, məni bəzən daha arxada oynadacağını deyirdi. Mən də qərarına hörmətlə yanaşacağımı söylədim. Davamında başverənlər isə ikiüzlülüyün son həddi idi. Yanvarın 31-də transfer dövrü bitdi, fevralın 1-də məşq matçında oynadılmayan tək adam mən oldum. Məşqçinin otağına getdim, niyə oynamadığımı soruşdum. Damien Komolli də orada idi. Yanalın cavabı məni şoka saldı: “Son gün sənin yerinə oyunçu aldıq və sənin adını iştirak ərizəsinə yazmadıq”. Zarafat etdiyini düşündüm, Komolli də xəbəri təsdiqləyəndə Yanala hücum etmək istədim. Daha sonra açıqlama vermək istəmədiyini deyib otaqdan çıxmağımı istədi”.
Yassin xəbəri menecerinə deyəndə o da inanmayıb: “Öncə Komolliyə, sonra isə müqavilə ilə məxsus olduğum “Lill”ə və Luis Kamposa zəng vurdu. Kampos “Fənərbaxça” rəhbərliyinə zəng vurub FİFA-ya şikayət edəcəklərini bildirdi. İki klub arasında böyük narazılıq yaşandı. Bu müddətdə itirən mən oldum. Oynamadığım üçün Afrika Kubokunda millinin heyətində yer almadım. Əlcəzair həmin yarışın qalibi oldu, mənim sevincim isə yarımçıq alındı”.
Benzia maaşını almaqda çətinlik çəkirmiş: “Pulumu ala bilmirdim, hər gün təkbaşına məşq edirdim. Olayların baş vermə səbəbini bilməyənlər oynamadığım halda niyə maaş aldığımı soruşurdular. Türkiyədə maaşları 6-7 ay sonra ödəməyi sevirlər. Oynayanlar arasında da gec alanlar var idi. FİFA-ya şikayət etdim və pulumu bir il gecikmə ilə də olsa, aldım”.
Benzia oxşar hadisələri sadalayıb: “Eynisi İslam Slimaniyə də edildi, “səni istəmirik” deyib oynatmadılar. Halbuki yanvarda vidalaşmaları mümkün idi. Ötən həftə “Qarabağ”ın heyətində “Bodo Qlimt”lə oynadıq. “Olimpiakos”da komanda yoldaşım olmuş Omar Elabdellaoui oradadır. Türkiyə xatirələrimizi bölüşdük. O, “Qalatasaray”da olarkən yaşadığı qəzadan sonra başına gələnləri danışdı. Müqaviləsi birtərəfli pozulmuşdu və kludan göndərildiyini sosial şəbəkədn öyrəndiyini dedi. Orada belə şeylər çox olur”.
Xatırladaq ki, Lion “Olimpik”inin yetirməsi olan Benzia 2015-ci ildə “Lill”ə keçib. Fransa klubu onu 2018-də “Fənərbaxça”ya bir mövsümlük icarəyə verib. Yassin 6 ay oynadıqdan sonra mövsümün yarısını kənarda qalıb.