"Zirə”nin müdafiəçisi Anje Mutsinzi Newsport.az saytına müsahibə verib.
- "Turan Tovuz"la matçda bərabərə qaldınız. Görüş sizin üçün necə alındı?
- Çox gərgin məcrada keçən oyun oldu. Rəqibi öndə qarşılayıb, daim pressinq tətbiq edib, düşən fürsətlərdən yararlanmağa çalışırdıq. Hava şəraiti də əlverişli deyildi. Külək var idi. Bu da əlavə çətinlik yaradırdı. Əfsuslar olsun ki, bir xalla kifayətləndik. Amma ümumilikdə performansımız qənaətbəxş idi.
- Səncə, bir xalı qazandınız, yoxsa iki xal itirdiniz? Qələbəyə layiq olduğunuzu düşünürsən?
- Düşünürəm ki, biz qələbəyə layiq idik. Qələbəyə layiq performans da göstərdik. Çünki bəzi qol fürstərlərimiz oldu. Sadəcə ondan istifadə edə bilmədik. Davit Volkovun başla vurduğu zərbəsindən sonra rəqib qolkiperin yaxşı seyvini nümunə gətirə bilərəm. Bir xal qazandıq. Ancaq üç xala da layiq idik.
- "Zirə" hazırda turnir cədvəlində 4-cü pillədədir. Səncə, komanda daha yaxşı pillədə olmalı idi, yoxsa indiki vəziyyət də sizi razı salır?
- Hazırkı olduğumuz mövqedən daha da yuxarı mövqelərə layiqik. Təbii ki, bunun üçün də çalışmaq lazımdır. Biz son matçlarda potensialımızı açıq-aşkar nümayiş etdirmişik. Növbəti oyunumuza da köklənib, eyni istəyi, eyni motivasiyanı saxlasaq, ən yaxşı ilk iki və ya üç komanda arasında liqanı yekunlaşdıra bilərik. Yolumuza davam edirik.
- Növbəti matçınız Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Səbail"ə qarşıdır. Həmin görüş haqda nə düşünürsən?
- "Səbail" həqiqətən də yaxşı vuruşmaq potensialında olan komandadır. Bütün bu detalları nəzərə almışıq. Məncə, növbəti matç finala bərabər matç olacaq. Biz 100 faizdən daha artığını verib, əlimizdən gələni etməliyik. Sona qədər mübarizə aparacağıq.
- Hazırda legionerlər daha çox yəqin ki, istirahət haqda daha çox düşünürlər. Bu sizin son oyunlarınıza necə təsir edir?
- Nəyin olmasından asılı olmayaraq, ilk növbədə insan öz işinə fokuslanmalıdır. Həmçinin də mən. Öz işimə fokuslandığım halda, məni daha yaxşı tətil gözləyə bilər. İstənilən halda, öz işimə yaxşı fokuslanmalıyam ki, yaxşı da istirahət edə bilim.
- Ruanda millisinin heyətində Nigeriyaya qol vurmuşdun. Həmin matçdakı qol, performansın karyerana necə təsir edə bilər? Yəqin ki, milli ilə bağlı planlar böyükdür?
- Beynəlxalq oyunları bir futbolçunun karyerası üçün daha fərqli mərhələ kimi xarakterizə edərdim. Nigeriyaya qarşı oynadıq. Nigeriya millisinin heyətində çox keyfiyyətli oyunçular var, yaxşı klublarlda oynayanlar var. Təbii ki, bu da bizim kimi futbolçuların inkişaf etməsinə, daha da irəli getməsinə imkan yaradır. Bu cür komandalara qarşı mübarizə aparmaq potensialımızı daha çox açmağa şərait yaradır. Milli komanda ilə də irəlidə Afrika Millətlər Kuboku və dünya çempionatlarında mübarizə apara biləcəyik.
Hacı Mərdan