Sonuncu oyun

Bir gün hamımız o meydana sonuncu dəfə çıxacağıq, amma bunun “sonuncu” olduğunu bilməyəcəyik.
Eynilə küçədə oynadığımız o son oyun kimi...
 
Xatırlayırsınızmı o günləri? Küçədə oynayarkən zaman necə də sürətlə keçirdi. Günəş batana qədər çirkli paltarlarla, dünyanın ən xoşbəxt uşaqları idik. Hər oyun bizim üçün sanki bir macəra idi. Top dəfələrlə çəpərdən düşərdi, qonşular narazı olardı, amma biz bunu vecimizə almazdıq. Görünüşü yamaq-yamaq olsa da, o top bizim üçün ən dəyərli xəzinə idi.
 
Həmin günlərdə həyatın nə qədər saf və qayğısız olduğunu dərk etmirdik. Axşamın sərin mehində yorğun addımlarla evə qayıdırdıq. Ayaqlarımızda toz, amma qəlbimizdə saf xoşbəxtlik vardı.
 
Sonralar hər şey dəyişdi, biz böyüdük, o küçələr susdu. Həyat bizi uzaqlara apardı. İndi isə həyatın ağır yükü bəzən bizi yorur, nəfəs almaq belə çətin olur. O günlərdə isə tək qayğımız topun hara getdiyi idi. İllər keçdikcə başa düşdük ki, o meydançalar, o oyunlar əslində həyatın özü idi.
 
İndi isə mini futbol meydançalarında eyni həyəcanla toplaşırıq. Bu həyəcan da bir gün sona çatacaq. Sonuncu dəfə meydana çıxacağıq. Tər tökəcək, hədəfə doğru qaçacaq, son dəfə topa toxunacağıq. Amma o an heç kim anlamayacaq ki, bu, bir dövrün son izi, son addımıdır. 
 
Bəlkə də illər sonra bir masa ətrafında keçmiş günləri xatırlayacağıq:
 
“Sən necə gözəl zərbələr vururdun!”
“Sən o incə ötürmələrinlə hamını heyrətləndirirdin!”
“Sən müdafiədə keçilməz divar idin!”
 
Həmin anlarda baxışlarımız uzaqlara dalacaq, çünki biz sadəcə futbol oynamırdıq, həyatı birlikdə öyrənirdik. Hədəflərə çatmağı, mübarizə aparmağı, yıxılıb qalxmağı, uduzmağı və yenidən cəhd etməyi öyrənirdik. O meydan yalnız oyun yeri deyildi, həm də dostluqların möhkəmləndiyi bir məkandı. 
 
O meydanlar bir gün səssiz qalsa da, xatirələrimiz daim bizimlə olacaq. Çünki xatirələr – geridə qalan tək sərvətimizdir. Keçmişə boylananda “Yaxşı ki, o günləri, o anları yaşamışıq”, - deyəcəyik.
 
Etibar Tağıyev




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right