Yubileyar Kazbek Tuayev: "Nə banket, nə də hədiyyə istəyirəm"

Bu gün AFFA İcraiyyə Komitəsinin üzvü, "Neftçi" klubunun və SSRİ yığmasının sabiq futbolçusu Kazbek Tuayevin 75 yaşı tamam olur.

Newsport.az-ın məlumatına görə, "Şöhrət" ordenli mütəxəssis yubileyi ərəfəsində Rusiyanın məşhur "Sport-Ekspress" qəzetinə müsahibə verib.

Müsahibəsində o, ad günləri keçirmədiyini bildirib. Hazırda Moskvada olan K.Tuayev belə deyib: "Bakıda mərasim təşkil etmək, Azərbaycan və Moldova yığmaları arasında noyabrın 17-də keçiriləcək yoldaşlıq görüşü ərəfəsində veteranlar arasında görüş təşkil etmək istəyirdilər. Amma fikrimcə, belə şeylərdən qaçmaq lazımdır. Nə banket, nə də hədiyyə istəyirəm. Bir əsrdir evimizdə ad günü təşkil olunmur. Nə atam, nə də anam istəmirdi. Özüm üçün utandırıcı haldır ki, valideynlərimin doğum günlərin tarixini də bilmirəm. Övladlarımınkıları bilsəm də, qeyd etmirik".
 
Tuayev "Neftçi"nin 1966-cı il SSRİ çempionatında bürünc medal qazanmasından sonra hər bir futbolçuya 160 rubl və xalça verildiyini deyib. Yubilyar mükafatdan əlavə, onlara QAZ-21 seriyalı "Volqa" avtomobilləri almağa icazənin verildiyini də söyləyib: "Maşını öz hesabımıza aldıq. Qiymətini də xatırlayıram - 5602 rubl. Lakin maşınları satdıq. Əgər 25 min rubla alırdılarsa, saxlamağın nə mənası? Üstəlik, avtomobil idarə etməyi də sevmirəm".
 
K.Tuayev Azərbaycan yığmasının baş məşqçisi olduğu vaxt 1996-cı il avqustun 31-də Bakıda İsveçrəni 1:0 hesabı ilə məğlub etdikləri DÇ-1998-in seçmə qrup matçını ölkənin ovaxtkı prezidenti Heydər ƏIiyevin də izlədiyini xatırladıb: "Heydər Əlirza oğlu matçın başlamasından 20 dəqiqə sonra gəldi. Həmin vaxt da qol vurduq. Heydər Əliyev demək olar ki, qoldan dərhal sonra getdi. Elə 1:0 hesabı ilə qalib gəldik. Bu görüşdən sonra bütün Azərbaycan "Bu, nə isə Allahın bəxşişi idi" deyirdi. Mən inanırdım. İsveçrə yığmasının futbolçusu Murat Yakın penaltini vura bilmədi. Qapıçımız Aleksandr Jidkov onu qorxutdu və top yandan keçdi".
 
 
Qeyd edək ki, Kazbek Tuayev 13 noyabr 1940-cı ildə Bakının Ələt qəsəbəsində dünyaya gəlib. O, futbolçu kimi 1959-1960-cı illərdə Rusiyanın "Spartak" (Nalçik), 1961 - 1970 və 1971-1972-ci illərdə "Neftçi", 1970-ci ildə "Spartak" (Vladiqafqaz) komandalarında çıxış edib. Baş məşqçi qismində isə K.Tuayev 1970 və 1973 - 1977-ci illərdə "Spartak" (Vladiqafqaz), 1978 - 1982-ci illərdə "Xəzər Lənkəran", 1983-1984, 1996-1997 və 2004-cü illərdə "Neftçi", 1987 - 1990-cı illərdə "Klub Afriken" (Tunis), 1992-ci ildə "Tərəqqi", 1993-cü ildə "Azneftyağ", 1993 - 1995-ci illərdə "Turan" (Tovuz), 1995 - 1997-ci illərdə Azərbaycan millisində çalışıb. SSRİ millisinin heyətində 1964-cü ildə Avropa çempionatının gümüş mükafatçısı, "Neftçi"də isə 1966-cı ildə SSRİ çempionatının bürünc mükafatçısı olub. Baş məşqçi kimi 1994-cü ildə "Turan"la, 1996, 1997 və 2004-cü illərdə "Neftçi" ilə Azərbaycan çempionu, 1996, 2004-cü illərdə ölkə kubokunun sahibi olub. 2 övladı var: Sergey Rusiyada, Aleksandr Kanadada yaşayır.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right