“Biz neçə vaxtdır ki, bu barədə danışırıq. Hadisənin necə başlamasından, gedişatından və başa çatmasından xəbərimiz var. İdman direktorumuz Emreh Çelikel başda olmaqla hamımız bu məsələ barədə müzakirə aparmışıq. Sadəcə hadisələr inkişaf etdikcə daha çox şey üzə çıxır. Bilirəm ki, bizim məşqçi heyətinin, futbolçuların bu məsələdə günahı var.
Bu təəssüf elədiyim məqamdır” – bunu Newsport.az-a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının meneceri Nail Kərimov deyib.
O, akademiyanın U-15 komandasının baş məşqçisi Rauf Əliyevin hakimləri təhqir etdiyinə görə AFFA İntizam Komitəsi tərəfindən ağır cəzalandırılmasına münasibət bildirib: “Biz də günahkarıq. Sadəcə məsələ budur ki, bizim günahkar olmağımıza səbəb hakimlərin provokasiya xarakterli hərəkətləridir. Oyundan sonra olan, oyun ərzində olan videolar hamısı var. Hələ ki, soyuq başla analiz etməyə çalışıram. Heç klub rəhbərliyinə də bu barədə tam məlumat verməmişəm. Çox heyif ki, provakasiya var, hakimlər briqadasının səhvləri var.
“Qarabağ” klubunun məşqçisi olmaq bir yana, Rauf Əliyev personası var. Onun necə biri olduğunu hamı bilir, haqqı müdafiə etdiyinə bələdik. Səhvə yol verib, emosiyalarını qoruya bilməyib. Amma hakimlər vəziyyəti bu dərəcəyə gətirib çıxarıblar. Onlar oyunun idarəçiliyində ciddi nöqsanlara yol veriblər, yersiz şərh veriblər epizodlara. Bu məsələ haqqında müzakirələrimiz davam edir. Ümid edirəm ki, AFFA Rauf Əliyevi cəzalandırdığı kimi hakimləri də cəzasız qoymayacaq. Uşaq futboluna zərbə vurmağa çalışanları cəzalandıracaq. Mövsüm hələ təzə başlayıb. Mən bu cür hallarla çox rastlaşıram.
“Qarabağ”a qarşı olan səhvləri daha çox görürəm, amma bilirəm ki, digər komandalara qarşı da bu cür hallar baş verir. Bəlkə hakimlər bilərəkdən, bəlkə bilməyərəkdən edirlər, amma çox pis haldır. Bizim oyunda vəziyyəti bu həddə gətirib çıxaran, Rauf Əliyevin cəzalanmasına səbəb olan hakimlərin də haqqında doğru qərar veriləcəyinə ümid edirəm”.