“U-15 milli komanda ilə ilk dəfə toplanışda iştirak elədim. Məndən öncə komanda Belarusda inkişaf turnirində iştirak etmişdi. Həmin oyunları izlədim və orada özünü yaxşı göstərən oyunçuları komandaya yenidən dəvət etdim” – bunu Newsport.az-a açıqlamasında Azərbaycan U-15 yığmasının baş məşqçisi Aqil Nəbiyev deyib.
O, komandamızın Qəbələdə keçirdiyi təlim-məşq toplanışından və Türkiyə yığması ilə oynadığı matçlardan danışıb: “Yeni oyunçular da çağırmışdım. Qəbələdə hazırlıq keçdik. 23 futbolçu aparmışdıq. Düşünürəm ki, normal toplanış keçdik, baxmayaraq ki, bu komanda ilk dəfə mənimlə bir yerdə idi. Rəqib Türkiyə yığması isə artıq 2 ildir ki, birlikdədir. Futbolçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Onların potensialına bələd olduq. Daha yaxşı çıxış edə bilərik.
Düzdür, futbolçularda texniki baxımdan çatışmazlıqlar var. Hücumların təşkilində müəyyən sıxıntılar yaşayırdıq. Ümumi götürsək, yaxşı oldu. İlk oyunda Türkiyəyə 0:2 uduzsaq da, pis deyildik. Amma ikinci matçda daha yaxşı olduq, 2:2-lik bərabərlik, həm də oyun baxımdan yaxşı çıxış etdik. Qol şanslarımız var idi, boşa verdik. Oyundan-oyuna daha yaxşı olacağıq. Ümumiyyətlə, gələcəyə nikbin baxmaq lazımdır. Bu uşaqların inkişafı yönündə təkcə milli komanda, AFFA deyil, klublar da böyük iş görməlidir. Uşaqların beynəlxalq təcrübə baxımından problemləri var. Nə qədər beynəlxalq oyun olsa, yaxşı inkişaf edərlər. Buna inanıram. Bu yaş qrupundan Azərbaycan futbolçu üçün güclü oyunçular çıxa bilər. Buna zaman lazımdır”.