"İrlandiya ilə oyunlar bizim üçün çətin keçəcək. Rəqibin heyətində güclü futbolçular var".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın və Bosniya və Hersoqovinanın qapıçısı İbrahim Şehiç deyib.
Bosniya və Hersoqovina millisinin heyətində İrlaniya ilə AVRO-2016-nın pley-off oyunlarına hazırlaşan bosniyalı qapıçı yerli mətbuata danışıb. O, irlandları Uels millisinə bənzədib:
"İrlandiyanı seçmə mərhələdə bizimlə eyni qrupda çıxış edən Uels millisinə bənzədirəm. Bir neçə il öncə irlandlarla keçirdiyimiz yoldaşlıq matçını da xatırlayıram. Ancaq həmin oyun bizim üçün heç bir əhəmiyyət kəsb etmirdi. Ümid edirəm ki, məşqçilər heyəti rəqibi yaxşı təhlil edib".
"Qarabağ" klubu haqda da danışan 27 yaşlı qolkiper deyib: "Biz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirdik. Amma alınmadı. Növbəti mövsüm bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas odur ki, ardıcıl iki mövsümdür Avropa Liqasının qrup mərhələsində çıxış edirik. Çox güclü qrupa düşmüşük. Növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacağıq".
Qeyd edək ki, Bosniya və Hersoqovina yığması noyabrın 13-də evdə İrlandiyanı qəbul edəcək. Bu komandalar arasında cavab görüşü isə 3 gün sonra Dublində keçiriləcək.