"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze klubun mətbuat xidmətinə müsahibə verib.
Newsport.az xəbər verir ki, gürcüstanlı mütəxəssis komandasının çıxışı və məqsədləri barədə barədə fikirlərini bildirib.
- "Qəbələ"nin cari mövsümdə keçirdiyi 4 oyunu necə qiymətləndirirsiz? Komandadan istədiklərinizi ala bilirsiz?
- Komandamın indiyə qədər göstərdiyi oyundan razıyam. Məncə, nəticələrimizin də yaxşı olduğunu demək olar. Futbolçularım çox diqqətlidirlər və verdiyimiz bütün tapşırıqları hərtəfərli yerinə yetirirlər. Onların məşqlərdə əziyyət çəkməsi, işləməsi məni tam qane edir.
- Müsahibələrinizdə digər komandaların hər birinin "Qəbələ"yə qarşı xüsusi motivasiya ilə oynadığını bildirmisiz. Sizcə, bu "Qəbələ"nin əleyhinədir yoxsa lehinə?
- Əlbəttə ki, "Qəbələ"yə qarşı bütün klubların motivasiyası böyükdür. Çünki, komanda daha öncə Premyer Liqada mübarizə aparıb və böyük uğurlara imza atıb. Hər kəs "Qəbələ"yə qarşı daha yaxşı görünmək istəyir. Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq və yanaşmalıyıq. Bu, oyunçularımızın daha da diqqətli olmalarına səbəb olur.
- I Liqada mübarizə aparan klubların bir çoxu ot örtüyü problemi yaşayır. Bu cür meydançalarda oynamaq komandanın çıxışına necə təsir edir?
- Bəli, mən dəfələrlə qeyd etmişəm ki, meydançaların vəziyyəti ürəkaçan deyil. Belə olduğu halda isə, yaxşı oynamaq, gözəl futbol göstərmək çətin olur. Bu yalnız "Qəbələ"yə deyil, bütün klublara çətinlik yaradan səbəbdir. Bu cür ot örtüklərində heç bir komanda istədiyi oyunu nümayiş etdirə bilmir.
- Komandanın cari mövsümdə əsas hədəfi, heç şübhəsiz, çempionluqdur. Çoxları isə "Qəbələ"nin asanlıqla bunun öhdəsindən gələcəyini düşünür...
- Çempionat çox çətin və ağırdır. Heç kim deyə bilməz ki, bu liqada çempion olmaq asan əldə edilə biləcək nəticədir. Fərqli komandalar, fərqli oyunlar var. İlk gündən mən bildirmişdim ki, çempionat çətin keçəcək. Bu baxımdan nə baş verəcəyi ilə bağlı proqnoz vermək çətindir. Lakin əlimizdən gələni edirik ki, bu il I Liqanı çempion kimi başa vuraq.
- Çempionatın növbəti turunda keçiriləcək "Difai" ilə oyuna hazırlıq necə gedir?
- Çempionatın ötən turunda keçirdiyimiz "Baku Sportinq"lə oyundan sonra komandanı bir neçə günlük istirahətə buraxdıq. Daha sonra yenidən bir araya gələrək məşqlərimizə start verdik. Oyunçularımız da sevərək, yorulmadan çalışırlar, məşq edirlər ki, istədiyimiz nəticəni əldə edə bilək. Məşqçilər heyəti olaraq, komandamızın hazırlığından da razıyıq. Sadəcə bir problem sayılacaq nüans odur ki, 3 futbolçumuz U-21 millisinin heyətindədir. Onlar isə yalnız matça 2 gün qalmış komandaya qoşulacaqlar. Digər bütün proseslər isə istədiyimiz kimi gedir.
- Son turda səfərdə "Baku Sportinq"i 2 cavabsız qolla məğlub etdiz. Rəqibin meydançası isə, məlum olduğu kimi, olduqca pis vəziyyətdə idi. Artıq kubok oyununun da püşkü atılıb. "Qəbələ" 2-ci təsnifat mərhələsində öz meydanında məhz "Baku Sportinq"lə qarşılaşacaq. Kubok oyunu ilə bağlı fikirləriniz maraqlıdır...
- Kubok oyunlarımız hələ start götürməyib. Ona qədər isə bizim hələ vacib çempionat oyunlarımız var. Ayın 19-u "Difai" ilə qarşılaşırıq. Ona görə hazırda məhz bu matça köklənmişik. Yalnız növbəti oyunumuz hansıdırsa, ona hazırlaşırıq. Bir neçə oyun sonrasını indidən düşünmək, hələ tez olar. Bu səbəbdən hazırkı durumda yalnız növbəti matça ciddi şəkildə hazırlaşmaqdan başqa fikrimizi heç nəyə yönəltmirik.