"Neftçi"ni yenə qaranlıq bürüyüb, heç cür işıqlığa çıxa bilmirlər. Komandanın oyunu bozdur, idarəetməsi ondan da tünd rəngə çalır.
Dəyişmək istəyirlər, təzə səhifədən başlamağa çalışırlar. Bunların hamısı anlaşılandı. Yenilənməyə meyillilik də göz qabağındadır. Amma hər şeyin bir ədəbi var axı...
Qara Qarayev kimi oyunçunun əvəzedici heyətə göndərilməsi yaraşmadı "Neftçi"yə. Böyük klub belə kiçik üsullara əl atmalı deyil. Qara Qarayev Qriqorçukun planlarına uyğun gəlməyə bilər, futboldur, belə halla ilk dəfə deyil ki, rastlaşırıq.
Amma bir məsələ var ki, "Neftçi"nin səlahiyyət sahibləri onu "Qarabağ"dan xahiş-minnətlə gətiriblər, 3 illik müqavilə bağlayıblar. "Qarabağ"da qalsaydı, bəlkə də əsas heyət üzvü olmayacaqdı, amma Premyer Liqada yetəri qədər oynamaq şansı qazanacaqdı.
Qaranı yerindən eləyiblər, indi də ondan qurtulmağın yollarını axtarırlar. Gətirəndə adama nələr vəd olunub, indi də istəyirlər ki, heç nə olmamış kimi özü çıxıb getsin.
Qara ilə qara üsullarla yox, "Qarabağ"la futbolumuzda tarix yazmış oyunçu kimi davranmaq lazımdır. Bu davranışla "Neftçi"nin qaranlıqdan işıqlığa çıxması mümkün olmayacaq.
Həmid/sportal.az