"Sabah" Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.
Newsport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Qələbəyə layiq idik. Bu barədə heç bir şübhə ola bilməz. İlk saniyələrdən məqsədimiz 3 xal götürmək idi. Bir ay arzində 7-ci oyunumuz idi. Bu oyun göstərdi ki, fiziki cəhətdən hazırıq. Bu, bizim mental cəhətdən də güclü olduğumuzu göstərir. Xoşbəxtəm ki, qapımızda qol görmədik. "Neftçi"yə heç bir şans vermədik. Onlar qapımızda qol vəziyyəti yarada bilmədilər.
- "Sabah" yaxşı müdafiə olundu, yoxsa "Neftçi" yaxşı hücum futbolu göstərə bilmədi?
- "Neftçi" hücumda pis çıxış etdi. Bu, bizlik deyil, "Neftçi"likdir.
- Şakir Seyodov meydana daxil olarkən ona dediz ki, özünü göstər, sonra demə ki, niyə ehtiyatda qalıram. Bir futbolçuya belə demək nə dərəcədə düzgündür?
- Mən onu yaraşıqlı olduğu üçün meydana buraxmadım ki. Göstərişlərimi yerinə yetirsin deyə oyuna saldım. Bir futbolçunun oyuna daxil olarkən tribuna ilə danışması düzgün deyil.
- Ardıcıl məğlubiyyətlərdən sonra klub rəhbərliyinin sizə xəbərdarlığı oldu?
- Rəhbərliklə demək olar ki, hər gün danışırıq. Nəticələr futbolda normaldır. Bəzən istədiyin kimi olmur. İki cəbhədə vuruşmaq hər kəs üçün ağırdır. Amma bu gün oyunçularımın reaksiyası mükəmməl idi.
- "Qarabağ"ın "Dinamo"nu keçmək şanslarını necə dəyərləndirirsiniz?
- "Osiyek"lə oyundan öncə Xorvatiya mətbuatına bildirmişdim ki, "Zirə" çox ciddi rəqibdir, onların keyfiyyəti var. "Zirə" göstərdi ki, mən haqlıydım. "Qarabağ" haqda da demişəm ki, çox yaxşı komandadır, hücumda istedadlı oyunçuları var. Bu, həqiqətdir. Avropada son illərdə müləmməl nəticələr göstəriblər. "Qarabağ"la oyunlar "Dinamo" üçün çox ağır olacaq. Bizi iki çox maraqlı matç gözləyir.