“Qarabağ”la “Dinamo” oxşar komandalardır” Mahir Emreli

“Şansları 50-50-yə dəyərləndirərdim. Hazırki durumda “Qarabağ” “Dinamo”dan daha hazırlıqlı vəziyyətdədir. Amma Zaqreblilərin təcrübəli futbolçuları var” – bunu futbolinfo.az-a açıqlamasında Almaniyanın “Nürnberq” klubunda çıxış edən Azərbaycan yığmasının forvardı Mahir Emreli deyib.

Millimizin hücumçusu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu arasında keçiriləcək oyunlardan danışıb. Emreli iki sabiq komandasının duelini belə şərh edib: “Dinamo”nun heyətində həm də milli komandanın üzvləri, gənc istedadlı oyunçular var. Onların da məqsədi Çempionlar Liqasında iştirak etməkdir. Tam fikirlərini buna yönəldib, maksimum hazırlaşırlar. Bütün bunlara baxmayaraq “Qarabağ” üçün keçilməyəsi rəqib deyil. Azərbaycan təmsilçisi hazırda daha yaxşı futbol oynayır. Lakin “Dinamo” da fərqli üsluba malik komandadır. Ümumilikdə bizi maraqlı oyunlar gözləyir”.

Emreli “Dinamo”nun “Qarabağ”ın bu mövsüm oynadıqları rəqiblər içərisində ən güclüsü adlandırıb: “Ağdam klubunun bundan qabaq oynadığı iki rəqib heç “Dinamo”nun yaxınına gələ bilməz. İstər “Linkoln”, istərsə də “Ludoroqrets” xorvatlardan daha zəifdir. Özünüz də bunu görəcəksiniz. “Qarabağ”ın oyunu isə onu göstərir ki, istənilən rəqibi keçə bilər. Çətin rəqib düşdü. Yəni səbətdə bilmirəm ki,hansı komandalar var idi, amma həm “Qarabağ”a, həm də “Dinamo”ya püşk güclü rəqib çıxarıb. Son illərin “Qarabağ”ına baxsaq, oyun tərzinə baxsaq, nəticələrinə baxsaq, rəqiblər də komandamızı arzulamırlar. Mən “Dinamo”da olanda da komanda yoldaşlarımla danışırdıq, onlar da Azərbaycan təmsilçisinin oyunlarını izləyirdilər, gücünə bələd idilər. Deyirdilər ki, çox yaxşı klubdur. Hansısa komandanı daha üstün görməzdim. Amma oyun planında “Qarabağ” daha yaxşıdır. Zaqreb klubu hər mövsüm ÇL-in əsas mərhələsində oynamaq istəyir”.

Forvard xorvatların zəif cəhətlərini də deyib: “Onların yeni futbolçuları var, komandaya tam uyğunlaşa bilməyiblər. Bunu zəif cəhət adlandırmaq olar. Qurban Qurbanovun Avropa təcrübəsi “Dinamo”nun baş məşqçisi Sergey Yakiroviçdən daha artıqdır. Bunu da “Qarabağ” üçün avantaj saymaq olar. Ümumi götürsək, “Dinamo” müdafiədə boşluqlar verən komandadır, çünki topla oynamağı daha çox xoşlayırlar. Bundan istifadə etmək olar. Mövqe olaraq arxa xətdə səhvlər edirlər. Düşünürəm ki, topu itirərkən hücumdan müdafiə fazasına keçiddə “Qarabağ” onlardan daha yaxşıdır. Ümumi olaraq isə oxşar komandalardır. İkisi də topla oynamağı sevən komandadırlar. “Dinamo” hələ ki, iki oyun oynayıb. “Osiyek”lə matçda göründü ki, qələbəyə ac komandadırlar. Amma “Qarabağ” sanki daha istəklidir. Keçirdiyi oyunlarda bunu görməmək mümkün deyil. Qurban Qurbanovun komandası isə ÇL-in əsas mərhələsini daha çox istəyir. “Dinamo”da da hər kəs bu düşüncə ilə yatıb durur”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right