“Osiyek”in baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Zirə” ilə keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.
Newsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis Bakıya iddialı gəldiklərini bildirib.
Onun sözlərinə görə, komandasının 1:1 hesablı heç-heçə nəticələnən ev matçındakı performansı ona ümid verib: “Məqsədimiz Konfrans Liqasında qrupa düşməkdir. Osiyekdə keyfiyyətli komandaya qarşı çox yaxşı oyun keçirdik. Ancaq görsəndi ki, 93 dəqiqədə möhtəşəm çıxış bəzən qələbə üçün kifayət etmir. Bununla belə, bizə inam verdi, eyni zamanda, rəqibin dəyərini göstərdi. “Zirə” bizim yeganə səhvimizdən istifadə etdi. Qələbəyə layiq olsaq da, görüş heç-heçə başa çatdı. Onların indi ev sahibi olmaları bizə çətinlik yaradacaq. Ancaq yaxşı hazırlaşmışıq, güclü oyun keçirmək üçün kifayət qədər enerjimiz və həvəsimiz olacaq”.
Koppitelli komandasının heyətindən də razılıq bildirib: “Çətinliklərdən keçdiyimiz vaxtdır. Hələ də keçid mərhələsindəyik. Oyunlar zamanı müəyyən variantlar yaratmalıyıq. İnandığımız gənclərlə yanaşı, bir neçə mövqeni əhatə edə biləcək daha təcrübəli futbolçularımız da var. “Zirə” ilə cavab matçında hansı variantı seçəcəyimizə oyun ərəfəsində qərar verəcəyik. Meydanda əlimizdən gələni edirik və bəzən nəticələr layiq olduğumuz kimi olmur. Yenə də əminəm ki, tez-tez qələbə qazanacağımız dövrə hazırlaşırıq”.
Qeyd edək ki, bu gün “Liv Bona Dea Arena”da keçiriləcək “Zirə” – “Osiyek” qarşılaşması saat 20:30-da başlayacaq.