"Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin Newsport.az saytına müsahibəsi:
-Səfərdə "Kəpəz”ə məğlub oldunuz. Fikirləriniz necədir?
-Ağır oyun olacağını bilirdik. Buna baxmayaraq 3 xal qazanmaq istəyirdik. Oyunumuz alınmırdı. İlk hissədə yox ikinci hissədə yaxşı oynadıq. Düşünürəm ki, ikinci hissədə "Kəpəz”dən üstün oynayırdıq. Amma istədiyimiz qolu vura bilmədik.
-Şanslarınız çox oldu. Bir epizodda başla vurduğun zərbə dirəkdən döndü...
-Əlbəttə, şanslar oldu. Amma istifadə edə bilmədik. Oyunun ədalətli nəticəsi heç-heçə olardı. Qələbəyə görə, "Kəpəz”i təbrik edirəm.
-Bir neçə epizodda hakimə etiraz bildirdin. Səncə oyun necə idarə olundu?
-Oyun zamanı əsəbi olursan. Amma hakim də insandı, hər kəs səhv edə bilər.
-Ümumilikdə hakimlikdən razı qaldınız?
-Düşünürəm normal idarəçilik keçdi. Oyun zamanı hakimə etiraz cilovlanmayan emosiyalardan irəli gəlir.
-Uzun müddətdir "Xəzər Lənkəran”da oynayırsan. "Xəzər Lənkəran”ın hazırda tarixinin ən pis dönəmini yaşayır. Bu hal sənə necə təsir edir?
-Çox pis. Biz həmişə çempionluq və kubok uğrunda mübarizə aparmışıq. "Xəzər Lənkəran”ı belə görməyə öyrəşməmişik. Belə vəziyyət həm uşaqlara, həm mənə pis təsir edir. Amma bilirsiniz FİFA-nın komandamıza cəzası var. Cəza bitənədək səbr etməliyik.
-FİFA-nın qərarı ilə yanaşı komandada maliyyə problemləri olduğu da deyilir. Bu problemin komandanın çıxışına təsir etdiyini demək olarmı?
-Bununda təsiri ola bilər. Amma rəhbərliyimiz həmişə yanımızdadır. Problemin aradan qaldırılmasına söz verilib.