Toral Bayramov: "Elə heyətimiz var ki, heç nə mümkünsüz deyil"

Azərbaycan milli komandasının futbolçusu Toral Bayramov Qazaxıstanla keçirilən yoldaşlıq oyunundan (3:2) sonra açıqlamalar verib.

Newsport.az cərimə zərbəsindən qələbə qolunu vuran müdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Oyunu necə dəyərləndirirsən?

- Yaxşı oynadıq. Plansız iki qol buraxdıq. Bizim vura bilmədiyimiz epizodlar var idi. Top dirəkdən qayıtdı, rəqibin qapıçısı yaxşı oynadı. Şükürlər olsun ki, sonda qalib gələn tərəf biz olduq. Özümüzə inanırdıq, istəyirdik. Layiq olduğumuz qələbəni qazandıq.

- Cərimə zərbəsini yerinə yetirərkən nə düşünürdün?

- Komandada cərimə zərbələrini mən və Emin Mahmudov yerine yetiririk. Məsafə uzaq idi. Emin topa yaxınlaşanda dedim ki, özümü yaxşı hiss edirəm, qapını yoxlayacam. O da etiraz etmədi. Keçmişdə Fransaya vurduğum qol yadıma düşdü. Ssenari eyni idi, amma nöqtələr fərqli idi. Əsas odur ki, qələbə qazandıq. Hamını təbrik edirəm.

- Üc fərqli mövqedə oynadın. Sənin üçün çətin deyil?

- İlk dəfə deyil. Canni De Byazinin dövründə də fərqli mövqelərdə oynamışam. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetiririk. Heç bir problem olmadı.

- Oyununuzda inkişaf gördün?

- Bunu bizdən soruşmayın. Siz daha yaxşı bilərsiniz. Oyundan-oyuna yaxşı olmağa çalışırıq. Elə heyətimiz var ki, heç nə mümkünsüz deyil. Bunu hamıya göstəririk. Düşünürəm ki, bundan əvvəlki oyunda Albaniyaya qarşı yaxşı oynamışdıq. Sadəcə son nöqtəni qoya bilmədik. Qarşıda oyunlarımız var. Çalışacağıq ki, qələbələri çoxaldıb xalqımızı sevindirək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right