Arif Əsəsdov: "Çalışacağıq ki, dominant futbol oynayaq"

Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində sabah Qazaxıstan seçməsi ilə qarşılaşacaq.

Newsport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Arif Əsədov matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox qısa müddətdir ki, Qazaxıstan millisi ilə oyuna hazırlaşırıq. Futbolçuların fiziki yorğunluğunu aradan qaldırmaq və psixoloji yöndə hazırlıq getdi. Bu gündən artıq Qazaxıstanla oyunu analiz edərək, son məşqə çıxacağıq. Sabah hansı oyun üslubunda oynayacağıq, onun üzərində işləyəcəyik. Heyətdə zədəli oyunçularla bağlı problemlər var. Onların durumuna bu gün aydınlıq gələcək. Coşqun Diniyev zədəlidir. Bəhlul Mustafazadəyə Albaniya ilə görüşdə aldığı zədə çətinliklər yaratdı. Bugünkü məşqdən sonra tam qərar veriləcək. Heyətdə bəzi dəyişikliklər ola bilər. Heyət və oyun üslubu baxımından da başqa cür oynaya bilərik. Bütün məşqlərimizi o istiqamətə yönəldirik. Çalışacağıq ki, sabahkı oyunda dominantlıq edək, rəqibə öz meydançasında pressinq edək. Bunun üzərində işləmişik. Nə qədər nail olacağıq, oyun göstərəcək. 

- Qazaxıstan bizə tanış rəqibdir, Millətlər Liqasında onlarla oynamışdız. Demək olar ki, siz onları daha yaxşı tanıyırsız? 

- Təbii ki, onlarla üçüncü dəfə oynayacağıq. Necə oynadıqlarını bilirik. Ermənistanla matçlarını təhlil etmişik. Sistem olaraq eyni oynayırlar. Biz də onların oyunlarını nəzərə alıb, çalışacağıq ki, dominant futbol oynayaq. 

- Albaniya ilə matçda Rahil Məmmədovu sağ cinahda oynatmışdız deyə, sosial şəbəkələrdə və mediada tənqid edildiz. Məmmədovu niyə bu mövqedə oynatdız?

- Milli üçün iki model üzərində işləyirik. Biri ortabab, bizdən daha səviyyəli komandalara qarşı oyun üslubudur. Digəri bizim kimi komandalara qarşı hazırlıqdır. Bu matçda da Bolqarıstanla görüşdəki sistemdə oynadıq. Bolqarıstan, Albaniya bizdən üstun ola bilər ki, bu sistemdə oynadıq. Albaniyaya qarşı dörd müdafiəçi ilə çıxış etdik. Rahil müdafiəmeyilli oynayırdı deyə, belə qərar verdik. Ancaq məğlub duruma düşəndə, oyunu gücləndirmək lazım gələndə, başqa modellə oynayırıq.

- Sabah sağ cinah müdafiəçisi kimi hansı futbolçu oynayacaq?

- Sağ cinahda iki müdafiəçimiz var, Amin Seydiyev və Qismət Alıyev. Hər ikisini o mövqedə düşünürük. Bugünkü məşqdən sonra qərar veriləcək.

- Albaniya ilə oyunun ikinci hissəsində nisbətən daha az təcrübəsi olan oyunçuları meydana buraxdız. Həmin uşaqlara təcrübə əldə etməsi üçün şərait yaratdız? Sabah yenə həmin yanaşma qalacaq, yoxsa önəmli olan nəticədir?

- İki istiqamətdən yanaşırıq. Son yoldaşlıq oyunlarımızdır, iki aydan sonra rəsmi matçlar başlayır. Heyətin formalaşması baxımından o istiqamətdə iş görürük. 70 faiz bilməliyik ki, əsas heyət oyunçuları kimlərdir. Təcrübəsiz futbolçuları da qazanmalıyıq ki, oyunu kimlərlə gücləndirəcəyimizi bilək. Sabah da belə edəcəyik. Gedişatda da dəyişikliər olacaq.

- Bir mənada da yeni gələcək baş məşqçiyə daha çox futbolçu seçiminə şərait yaratmış olursuz?

- Gələn baş məşqçi də bilməlidir ki, komadannın özəyi hansı futbolçulardır. Bəzi oyunçularımızın fiziki durumu aşağı ola bilər. Amma əlimizdəki futbolçular bunlardır, onlardan istifadə etməliyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right