30 il əvvəlin çempionları... İlqar Tağıyev yazır

30 il əvvəl dünya futbolunda mənzərə fərqli idi. Dieqo Maradona, Roberto Bacio, Romario, Ronaldo və digərlərinin dönəmində Kriştiano Ronaldo, Messi tanınmırdı. Heç Mbappe dünyaya gəlməmişdi. VAR, “Goalline” və bir çox qaydalar mövcud deyildi. Azərbaycanda və futbolumuzda da mənzərə ürəkaçan görünmürdü. Torpaqlarımız işğal edilmiş, atəşkəs müqaviləsi yenicə bağlanmışdı. AFFA UEFA-ya və FİFA-ya təzəcə üzv qəbul olunmuşdu. “Qarabağ” adında bir klub Azərbaycandan o yana tanınmırdı. İndi çempionatın ortabablarından sayılan “Turan Tovuz”, daha dəqiq, xələfi “Turan” çempionatın ən güclülərindən idi. O “Turan” ki, 30 il əvvəl ilk çempionluğunu yaşayıb. Yazımızda həmin qalib heyəti xatırlayacağıq. Amma əvvəlcə klubun yaranmasına və çempionluğa gedən yoluna nəzər salaq.

“Turan” 1992-ci il fevralın 14-də təsis edilib. Komandanın ilk prezidenti Tovuz futboluna boyük töhfələr vermiş Vidadi Əhmədovdur. 1992/93-cü illərdə keçirilmiş ilk milli çempionatımızda komanda əksəriyyəti yerlilərdən olmaqla, 26 futbolçunun xidmətindən yararlanıb. 26 komandanın qatıldığı birincilikdə Tovuz təmsilçisi “Neftçi” və Sumqayıt “Xəzər”inin ardınca 3-cü yeri tutub. 1993-cü il çempionatında da “Turan” bürünc medallara sahib çıxıb. Bu dəfə Ağdamın işğal ilində çempion olan “Qarabağ” və yenə də “Xəzər”dən geri qalıb.

Ardıcıl 2 mövsüm medalçılar sırasına düşən və artıq güclü komanda kimi formalaşan “Turan” 1993/94-cü illər çempionatında tarixində hələlik ilk və yeganə çempionluğunu yaşayıb. Üstəlik, bu uğurla həm də Azərbaycan futbolunda bir ilkə imza atıb. Belə ki, komanda ölkəmizi ilk dəfə Avrokuboklarda, daha dəqiq UEFA Kubokunda təmsil edib. Maraq üçün bildirim ki, ilk 2 birinciliyin qaliblərinin avrokuboklarda iştirak etməməsinin səbəbi AFFA-nın UEFA-ya üzv olmaması idi. Qurum yalnız 1994-cü ildə UEFA və FİFA tərəfindən tanınıb. Başqa bir maraqlı məqam “Turan”ın Çempionlar Liqasında deyil, UEFA Kubokunda iştirakıdır. Buna səbəb isə futbolumuzun reytinqinin aşağı olması və ya olmaması idi. Əlqərəz, yazımızın məğzi adlarını Tovuz futbolunun tarixinə yazdıran 30 il əvvəlin çempionları ilə bağlıdır. 30 ildən sonra kim haradadır, nə işlə məşğuldur, sağ-salamatdır? Amma bir abzas 1993/94-cü il mövsümü haqqında...

16 komandanın iştirak etdiyi sayca 3-cü çempionatda “Turan” çempionluğu 1994-cü il mayın 28-də sonuncu turda rəsmiləşdirib. Rəqib Qaxın “Kürmük” komandası idi. Ən yaxın izləyicisi “Qarabağ”ı 1 xal qabaqlayan (o vaxt qələbəyə görə 2 xal verilirdi – red.) və qaxlılarla oyunda qalib gələcəyi heç kimdə şübhə doğrumayan “Turan” rəqibinin qapısından 10 cavabsız top keçirməklə qızıl medalları qazanıb. Maraqlıdır ki, Qax təmsilçisinin axırdan 2-ci pillədəki yeri dəyişməz olub. Bu üzdən Tovuza getməmək fikrindəydilər. Artıq xərc nəyə lazım idi ki? Bu halda “Turan” rəhbərliyi bayramı korlamamaq xatirinə bütün xərcləri üzərinə götürmüş və qonaqlar oyuna yollanmışdılar. Ümumiyyətlə, həmin birincilikdə “Turan” 23 futbolçu və 3 məşqçinin xidmətindən istifadə etmişdi.

Beləliklə, “Cəfər”dən başlayaq. Yəni, komandanın liderlərindən biri, kapitanı və əsas qapıçısı Nizami Sadıqovdan. Əksəriyyət Nizamini o vaxt da, elə indi də məhz adı ilə deyil, ayaması ilə cağırır. Nizami Sadıqov və Sakit Alıyev hələ 1992-ci ildə komandanı yaradanlardan olub. “Cəfər” isə çempionluq ilində bütün oyunlarda meydana çıxan 2 futbolçudan biridir. “Turan”dan sonra Sakit Alıyevlə birgə “Kəpəz”də çıxış edib. Gəncəlilərin heyətində də çempion olub, 1 dəfə Azərbaycan Kubokunu qazanıb. Qısa müddətdə “Neftçi”yə keçib. “Neftçi” UEFA Kubokunda Sofiya “Lokomotiv”i ilə oyunlarda (2:1, 0:6) Sadıqovu da sifariş edib. Amma oynatmayıb.

Millinin də qapıçısı olmuş Nizami Sadıqov Azərbaycan çempionatları tarixində 1106 dəqiqə qapısını “quru” saxlamaqla rekordçudur. Başqa bir rekord isə onun qol vurmaq bacarığı ilə bağlıdır. O, dünyada qoleador qapıçılar arasında 16-cı pillədə yer alır. Qapıçı kimi 222 oyuna çıxmış Sadıqov 8 qol vurub. Daha 13 dəfə isə meydan oyunçusu kimi fərqlənib. Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. “Turan”da, “Neftçi”də, “Simurq”da, həmçinin, “Qarabağ”ın akademiyasında qapıçılarla işləyib. Hazırda “Turan Tovuz”un akademiyasında qapıçılar üzrə koordinatordur.

Həmişə Nizami ilə adı yanaşı hallanmış Sakit Alıyev də Tovuz futbolunun əfsanələrindəndir. “Turan” və “Kəpəz”lə çempionluq yaşamış cinah müdafiəçisi həmin mövsüm 29 oyunda meydanda olub, 3 penaltini dəqiq yerinə yetirib. Sakit millini də “dadıb”. Amma cəmi 1 oyunda. O da 1995-ci ildə Slovakiyaya qarşı (0:1). 2005-ci ildə “Turan”da məşqçilik fəaliyyətinə başlayan Alıyev 2015-ci il oktyabrın 15-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib, Bozalqanlı kənd qəbirstanında dəfn olunub. Allah rəhmət eləsin!

Bu da fakdır ki, 23 futbolçunun 9-u yerli olub. Qalan yeddisindən bəhs edək, sonra “legioner”lərə keçərik. Çempionluq ilində Nizami Sadıqov və Sakit Alıyevdən sonra 17 matçda meydana çıxmaqla ən çox oyun keçirən tovuzlu futbolçu Nizami Ocaqverdiyev idi. Komanda yaranandan “Turan”nın şərəfini qoruyan müdafiəçi “Şəmkir”in də pik vaxtlarında bu komandanın əsaslarından biri olub. Daha 2 dəfə “Şəmkir”lə çempion sevincini yaşayıb. Hazırda məşqçi kimi futboldakı fəaliyyətini davam etdirir, “Turan Tovuz”un əvəzedicilərinin baş məşqçisidir.

Daha bir müdafiəçi Elxan Abdiyev də ilk “Turançı”lardandır. “Turan”dan sonra “Göyəzən” və “Şəmkir”in formasını geyinib. 2005-ci ildə karyerasını bitirib. İndi klubun akademiyasında 14 yaşa kimi uşaqlara nəzarət edir. 14 yaş demişkən, U-14 komandasının baş məşqçisi çempion komandanın bir parçası olmuş Etimad Qurbanovdur. “Edik”in futbolçu karyerası pis alınmayıb - “Şəmkir”lə çempion olub, İranda legioner həyatı yaşayıb...

İlk birincilikdə cəmi 1 oyunda iştirak edən yarımmüdafiəçi Tofiq İsmayılov sonradan “Turan-2”ə göndərilmiş, 1993/94-cü ilin qışında yenidən əsas komandaya cəlb edilmişdi. Tofiqin futbolçu karyerası, demək olar ki, Tovuzla bağlıdır. Çempionluq ilində 4 oyunda meydanda olmuş İsmayılov indi futboldan və Vətəndən uzaqdadır. Hazırda Rusiyada yaşayır.

9 yerlinin qalan 3-ü qapıçı idi. Hər 3-ü də o vaxt 2 oyunda meydana çıxıb. Daha dəqiq, Nizami Sadıqovu əvəzləyib. Hümbət Quliyevlə Eldəniz Hüseynov “Turan-2”nin əsas qapıçıları idi. Hümbətin görüb-götürdüyü “Turan” olub. Səhhəti ilə əlaqədar futboldan erkən uzaqlaşan Quliyev də Tofiq kimi Rusiyada yaşayır. Eldəniz isə Tovuzdadır. “Şəmkir” və “Karat”da da oynamış Hüseynov indi Nizami Ocaqverdiyevin yanındadır, əvəzedicilərin qapıçılarla işləyən məşqçisidir.

Nəhayət, sonuncu  qapıçıdan - Hüseyn Məhəmmədovdan bir qədər ətraflı məlumat vermək yerinə düşər. Nə qədər olmasa da, Tovuz futbolunun ən titullu nümayəndəsidir. “Qusi” “Turan”dan sonra arada yolunu İrandan salmaqla, Azərbaycanı, demək olar, qarış-qarış gəzib. “Kəpəz”, “Şəmkir”, “Neftiçi”,  “Maşınsazi” (İran), “Olimpik”, “Standart”, “Araz”ın (Naxçıvan) formasını geyinib. Adıçəkilən ilk 3 komanda ilə daha 6 çempionluq yaşayıb, 4 dəfə Azərbaycan kubokuna sahib çıxıb. Millidə 12 dəfə forma geyinib. Hazırda U-17 və U-19 millilərimizin qapıçılarına “dərs deyir”. Hüseyn ən böyük uğurunu 2005-ci il yanvarın 19-da qazanıb. Həmin gün Birlik Kuboku çərçivəsində “Neftçi” Ermənistan “Pünik”ini məblub etmişdi – 2:0. Yaddaşlardan silinməyəcək həmin gün komandamızın qapısını Hüseyn Məhəmmədov qoruyurdu...

Həmin oyunda, çempionluq ilində “Turan”ın şərəfini qorumuş Vidadi Rzayev də var idi. “Pünik”in qapısından keçirilən ikinci qolun müəllifi azarkeşlərə yaxşı tanışdı. Hələ SSRİ dövründə “Neftçi”nin futbolçusu olmuş “Vidoş” Tovuza Qroznı “Terek”indən gəlmişdi. “Turan”dan sonra “Kəpəz”, “Neftçi”, “Şəmkir”, “Qarabağ”, “Ərzurumspor” (Türkiyə) komandalarında çıxış etmiş Rzayev 7 dəfə Azərbaycan çempionu olub, 3 kubok “götürüb”. Karyerasını 2006-cı ildə “Olimpik”də başa vurub. Millinin heyətində 35 oyunda meydana çıxıb, 2 qolun müəllifidir. Bu qollardan biri daha yaddaqalan alınıb - 1996-cı ildə İsveçrə üzərində qazanılan tarixi qələbəni gətirən qol. Vidadi futbolla vidalaşdıqdan sonra məşqçiliklə məşğul olub. Son iş yeri “Kəpəz” idi. Tərlan Əhmədova kömək edən veteran futbolçu hazırda Göygöldə yaşayır, işsizdir.

“Turan”ın o vaxtkı heyətinə fikir verəndə yerli oyunçuların əksəriyyətinin müdafiəçi və qapıçı olduğunu görərik. Komandanın ən böyük problemi hücum xətti ilə bağlıydı ki, bunu da məşqçilər korpusu gəlmələrin hesabına həll etmişdilər. Çempionluq ilində komandanın  əsas qol silahı zaqatalalı Qurbanov qardaşları idi. Musa və Qurban Qurbanovlar 1993/94-cü il mövsümünün əvvəlində baş məşqçi Ruslan Abdullayevin tövsiyəsi ilə Tovuza dəvət olumuşdular. Buna kimi Musanın SSRİ-nin vaxtında  “Neftçi” də oynaması onun istedadından xəbər verirdi. “QaQa” isə hələ gənc olsa da, perspektivli birisiydi. “Turan”ın çempion olmasında qardaşların xidməti böyükdür.  Mövsüm ərzində vurulan 74 qoldan yarıdan çoxu – 44-ü onların payına düşür. Yeri gəlmişkən, Musa Qurbanov 35 qolla birinciliyin bombardiri olmuşdu. Qurban Qurbanov isə 9 qolla komandanın ikincisi idi.

Böyük qardaş “Turan”dan sonra “Neftçi”, “Qarabağ” və daha bir neçə komandanın şərəfini qoruyub, millidə 2 dəfə forma geyinib. Noyabrın 30-da 60 illik yubileyini qeyd edəcək Musa Qurbanov “Zaqatala”nın prezidentidir. Amma kiçik qardaş...  “Qarabağ”ın baş məşqçisini Azərbaycanda tanımayan yoxdur. Qısaca, “Turan”dan başqa “Neftçi” ilə çempion olan Qurbanov 1996/97-ci illər mövsümündə 34 qolla birinciliyin bombardiri adını qazanıb. 4 dəfə Rusiya klublarında legioner həyatı yaşayıb. Millidə ən çox oyun keçirən və qol vuran futbolçulardandır – 64 oyun, 12 qol. 2006-cı ildə “Neftçi”də məşqçilik karyerasına başlayan Qurban Qurbanov 2009-cu ildən “Qarabağ”ın sükanı arxasına keçib. Bir ara “Qarabağ”la yanaşı milli komandamızı çalışdırıb. 2011-ci ildə Əməkdar məşqçi adına layiq görülən mütəxəssis 2022-ci il aprelin 13-də Prezident İlham Əliyev tərəfindən Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. “Qarabağ”dakı uğurlara gəlincə... kitab yazmaq olar.

Çempion komandanın heyətində daha 2 hücumçu var idi – İlham Məmmədov və Rövşən Əhmədov. Qol vurmaq baxımından Qurbanovların kolgəsində qalsalar da, faydalı iş əmsalı baxımından ən yaxşılardan idilər. “Turan” yaranandan komandada olan İlham daha sonra “Neftçi” və “ANS-Pivani”də çıxış edib. 8 dəfə millinin oyunlarının iştirakçısı olan “Maradona” ləqəbli futbolçu 2000-ci ildən Almaniaya köçüb və 8 il bu ölkənin müxtəlif həvəskar komandalarında oynayıb. İndi də Almaniyada yaşayır, uşaq futbolunda məşqçilik edir.

Rövşən Əhmədova gəlincə, o da uşaq futbolunda məşqçidir. Amma dogulduğu Gəncədə. “Turan”dan savayı “Kəpəz”lə çempionluq yaşayıb, Azərbaycan kubokuna sahib çıxıb. Hətta 1995/96-cı illər çempionatında “Kəpəz”də oynayarkən komanda yoldaşı Fazil Pərvərovla hərəyə 23 qol vurmaqla birinciliyin şərikli bombardiri olub. Amma Məmmədovdan fərqli olaraq, millidə cəlb edilməyib.

Nizami Sadıqovdan savayı komandada bütün oyunlarda meydanda olan daha bir futbolçu Məqsəd Yaqubəliyev idi. 30 oyuna 8 qol vuran Yaqubəliyev “Turan”a hələ 1992-ci ildə Ağstafa “Avey”indən gəlmişdi. 1996-cı ilə kimi Tovuzda oynamış yarımmüdafiəçi sonra “ANS Pivani”yə keçib və 2000-ci ildə karyerasını burada bitirib. Daha sonra məşqçiliklə məşğul olan və bir vaxtlar rəhmətlik “Bakı”nın məşqçilər korpusunda yer alan veteran futbolçu hazırda Premyer Liqaya qayıdan “Şamaxı”dadı, Ramiz Məmmədovun köməkçisidir. “Turan”da oynadığı vaxt – 1993-cü ildə millidə 1 oyun keçirib, iyunun 6-da İranda Tacikistan millisi ilə yoldaşlıq oyununda (2:0) meydana çıxıb. Məqsədin ləqəbi “Maks” idi. “Maks”la bağlı maraqlı bir hadisə: 1993-cü ildə komandaya yeni forma verilmişdi. Yaqubəliyev “6 nömrə” idi və nömrə formaya səhvən tərsinə tikilmişdi, “Ə” hərfini xatırladırdı. Məqsəd də 2 oyunda meydana məhz “Ə” ilə çıxmışdı. Sonradan “Ə”ni çevirib, “6” elədilər.

“Turan”ın ilk günlərindən komandada olan əsas heyət üzvlərindən biri də Vəli Hüseynovdu. Çoxları onu tovuzlu kimi tanıyırdılar. Amma Vəli cəbrayıllıdı. “Turan”dan sonra bir sıra yerli komandalarda, o cümlədən “Qarabağ”da oynayan Hüseynov ümumilikdə Premyer Liqada 8 komandada 231 oyun keçirib, 8 qol vurub. Tovuzda oynadığı illərdə cəmi 5 dəfə fərqlənən “7 nömrə” “Turan”ın ilk qolunun  müəllifi kimi adını klubun tarixinə yazdıra bilib. Bu hadisə 1992-ci il mayın 2-də “Kəpəz”lə matça (2:1) təsadüf edib. Vəli 2005-ci ildə karyerasını bitirib, məşqçiliyə başlayıb. İndi “Qarabağ”ın akademiyasında seleksiyaçı məşqçidir.

Müdafiənin “dirək”lərindən biri olan Hüseynqulu Quliyev də “köhnə”lərdən idi. “Turan”dan başqa “Xəzri”, “Bakı fəhləsi”, “Şəmkir”, “Neftçi”nin formasını geyinən Quliyev daha 1 dəfə “Neftçi” ilə Azərbaycan çempionu adını qazanıb. 2006-cı ildən məşçiliyə başlayıb. 2008/09-cu illər mövsümündə “Neftçi”nin həvəskarlar komandasına Azərbaycan çempionluğunu və kubokunu qazandırıb. Bir müddət “Qəbələ”nin akademiyasında çalışıb. Hazırda U-19 millimizin məşqçisidir, Elxan Abdullayevə kömək edir.

Elxan Abdullayev demişkən, o da “23-lük”də yer alır. Komandanın o vaxtkı baş məşqçisi Ruslan Abdullayevin oğlu hələ 1992-ci ildə “Turan”a atası ilə birgə gəlmişdi. 1993/94-cü illər mövsümündə Ruslan müəllim komandanı tərk edəndə də atasını tək qoymayıb. Özü də başqa yerli komandaya deyil, xaricə üz tutub. 2 mövsüm Slovakiyada – “Pyeçtiyanı” və ”Trençin”də legioner həyatı yaşayan oğul Abdullayevin futbolçu kimi sonuncu ünvanı Buzovna “Xəzri”sıdır. O vaxtdan məşqçiliyə başlayan mütəxəssis müxtəlif vaxtlarda “Dinamo” (Bakı), “Qarabağ”, AZAL, “Neftçi”nin baş məşqçisi  olub. Hazırda az əvvəl qeyd etdiyim kimi U-19 millisini çalışdırır.

Komandanın əsas heyət üzvlərindən daha biri – Rüfət Quliyev də məşqçidir. Çempion olduqdan sonra daha bir il əyalətdə qalan Quliyev “Xəzri”, “Qarabağ”, “Şəfa”, “ANS-Pivani”nin heyətində də çıxış edib. Maraqlıdır ki, karyerasını 2006-cı ildə “Turan”da bitirib. Milli çempionatlar ərzində 190 oyunda forma geyinib, 34 dəfə fərqlənib. 1-ci liqa təmçilçisi “Araz Saatlı”nın baş məşqçisi olan Quliyevin oğlu Kamran atasının yolunu davam etdirir. “Sumqayıt”ın hücumçusu futbolçu kimi  heç də atasından geri qalmır.

30 il əvvəlin çempionlarından ikisi – Elxan Müslümovla Vaqif Musayev futbolçu karyeralarını bitirdikdən sonra hakimlik sənətini seçib. Vaqif mövsümün gedişində “Turan”ı “Azəri”yə dəyişmişdi. Bu üzdən əslində, ona qızıl medal düşmür. Hər halda 2 oyun əziyyət çəkib, xatırlamaq olar. Elxan əslən Qusardan idi və “Turan”a gələndə heç 20 yaşı tamam olmamışdı. Atası Cahangir Müslümov da futbolçu olub, uzun müddət yerli “Şahdağ”da oynayıb. Elxan dövrünün ən perspektivli futbolçularından sayılsa da,  “açılmayıb”. Doğrudur, sonradan bir çox komandalarda, o cümlədən “Qarabağ”, “Xəzər Lənkəran” kimi nəhənglərdə oynayıb. Amma...

Gennadi Drozdov... Onu komandanın ağsaqqalı saymaq olardı. “Turan”a Kazbek Tuayevin dəvəti ilə ikinci dövrədə gəlmişdi. O vaxt 36 yaşı olan Gena dayı təcrübəli birisi idi. SSRİ dövründə 2 dəfə “Neftçi”yə cəlb olunmuş sumqayıtlı Drozdov 1994-cü il sentyabrın 7-də Rumıniya ilə oyunda (0:3) millinin formasını geyinsə də, sonradan Rusiya vətəndaşlığını qəbul edib. Onun haqqında elə də geniş məlumat toplamaq mümkün olmadı. 2003-cü ildə “Anji”ni çalışdırmış Drozdovun bir neşə il əvvələ kimi Soçidə yaşadığı məlum idi. Deyilənlərə görə, həyatda yoxdur.

Eldar Bədəlov da artıq, həyatda yoxdur. Komandanın əsas heyət oyunçularından hesab olunmasa da, kifayət qədər təcrübəli biri olub. Bir vaxtlar “Neftçi”də oynaması bunu deməyə əsas verir. “Bakılı balası” futbolçu karyerasını 1996-cı ildə “Turan”da başa vurub, məşqçiliyə başlayıb. Əməkdar məşqçi və idman ustası fəxri adları ilə təltif edilmiş Bədəlov ömrünün sonuna qədər  Kazbek Tuayevin rəhbərlik etdiyi Respublika İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbində metodist-təlimçi vəsifəsində çalışıb. İki il öncə, iyun ayında dünyasını dəyişib. Allah rəhmət eləsin!

Mövsüm ərzində komandanı 3 məşqçi oyunlara çıxarıb – Ruslan Abdullayev, Xanoğlan Abbasov və Kazbek Tuayev. Ruslan müəllim komandanı hələ 1992-ci ildə götürmüşdu. Ona kimi “Turan” Zahid Hüseynov (2oyun) və Əli Əhmədovun (6 oyun) nəzarətində olmuşdu. Əla kollektiv formalaşdıran Ruslan müəllimin komandadan ayrılmasının maraqlı səbəbi var. Belə ki, Abdullayevin o vaxt AFFA prezidenti, rəhmətlik Fuad Musayevlə münasibətləri yaxşı deyildi və bu üzdən komandasının çempion olmasında problemlər yaşanacağını düşünürdü. Məhz “Turan”ın çempionluğu naminə getməyi lazım bilən baş məşqçinin komandanın qızıl medalları qazanmasında böyük rolu var. Ruslan Abdullayev də həyatda yoxdur. Azərbaycanın ən yaxşı məşqçilərindən biri olmuş mütəxəssis 2002-ci il yanvarın 30-da dünyasını dəyişib. Yeri behişt olsun!

Ruslan Abdullayevin gedişindən sonra “Turan” qış fasiləsinə kimi köməkşisi, “Turan-2”nin baş məşqçisi olmuş Xanoğlan Abbasova tapşırılıb. O, 6 oyunda komandanı meydana çıxarıb, Kazbek Tuayevin gəlişindən sonra isə ona kömək edib. Uzun müddət “Turan”da baş məşqçi kimi çalışmış Xanoğlan müəllim Bakıda yaşayır, “Kazbek Tuayevin məktəbi”ndə işləyir. Maraqlı fakt: Xanoğlan Abbasov Sakit Alıyevin doğma əmisidir. Bəs, soyadları nədən fərqlidir? Xanoğlan müəllimin böyük qardaşı, Sakitin atası Baxçalı kişi ata soyadını götürüb. Xanoğlan müəllim və ikinci qardaşı İmamverdi kişi isə ataları dünyasını dəyişdikdən sonra sonra ana soyadını seçiblər. 

O ki qaldı Kazbek Tuayevə, sağ-salamatdır. Azərbaycan futbolu tarixində ən təcrübəli və titullu məşqçilərdən biri olan, “Şöhrət” ordenli 84 yaşlı mütəxəssis Bakıda yaşayır. Az əvvələ kimi onun adı ilə tanınan futbol məktəbinə rəhbərlik edirdi. Allah ömür versin!

“Turan”ın çempionluğunda “gözəgörünməyən qüvvələr”in də rolu az deyildi. Onların bir neçəsini yada salmaq yaxşı olar. Komandanın qurucusu və ilk prezidenti Vidadi Əhmədov. Təkcə Tovuz deyil, Azərbaycan futbolunda da böyük xidmətləri olan Vidadi müəllim  Ramiz Mirzəyevin dövründə AFFA-da məsul vəzifədə çalışıb. Çimərlik Futbolu Federasiyasının ilk prezidenti seçilib. Ramiz Mirzəyev “Neftçi”nin prezidenti olanda Əhmədov bu klubda vitse-prezident vəzifəsini icra edib. Komanda onların dövründə birinci yeri tutub. Ramiz müəllim dünyasını dəyişdikdən sonra Vidadi Əhmədov futbol sahəsindən uzaq düşüb. Hazırda Bakıda yaşayır, bizneslə məşğuldur.

Komandanın rəisi Şahin Mehdiyev də Bakıdadır. İxtisasca stomotoloq olan keçmiş rəis sənəti ilə məşğuldur.

“Turan”ın yaradılmasının ideya müəllifi – komandanın direktoru Məzahir Tağıyev klubda 1997-ci ilə kimi işləyib. İndi Tovuzun Əlimərdanlı kəndində yaşayır, kənd təsərrüfatı ilə “başını qatır”.

Komandanın həkimi Dilqəm Paşayev və stadionun diktoru Rasim Əliyev də doğma rayondadır. Dilqəm həkim Tovuz Futbol Akademiyasının həkimidir. Rasim Əliyev isə həmişə olduğu kimi klubdadır. Müxtəlif vaxtlarda ayrı-ayrı vəzifələrdə çalışmış Rasim müəllim həm də Hümbət Vəliyev adına Əlibəyli kənd tam orta məktəbinin direktorudur. Tovuz futbolu haqqında “100 yaşlı Tovuz futbolu” kitabının müəllifidir.

Nəhayət, “Turan”ın qurulmasında, güclənməsində böyük xidmətləri olmuş adminstrator İman Həsənov haqqında. Hazırda “Turan Tovuz”un baş meneceri vəzifəsini icra edən İman bir vaxtlar klubda rəis kimi də çalışıb. 2014-2018-ci illər aralığında Türkiyənin “Dənizlispor”unun meneceri olub. Rail Məlikov, Arif İsayev, Saşa Yunisoğlu kimi futbolçuların “Dənizlispor” karyerasının səbəbkarı Həsənovdur.

“Turan Tovuz”un bir daha nə vaxt çempion olacağını, avrokuboklarda iştirak edəcəyini deyə bilmərəm. Nə qədər uğur qazansalar belə, ilklərin “dadı” başqadı. Həm də illər keçsə də, həmişə ilklər yadda qalır. Bir də ki, “Turan” təkcə çempionluğu ilə Tovuz, eyni zamanda Azərbaycan futboluna bir ilk “hədiyyə etməyib”. Başqa ilklər də var. İlk peşəkar klub kimi qeydiyyatdan keçən “Turan”dır. İlk farm klub 1993-cü ildə Tovuzda yaradılıb. “Turan-2” bir neçə il aşağı dəstədə iştirak edib. İlk mətbuat xidməti də “Turan”ın adı ilə bağlıdır. 2001-ci ilin fevralın 1-də klubun mətbuat xidməti təsis edilib və ilk mətbuat katibi Rasim Əliyev təyin olunub. Ən əsası, “Turan” Azərbaycanı avrokuboklarda təmsil edən ilk komandadır. 1994-cü ilin avqustuna təsadüf edən bu hadisə isə başqa söhbətin mövzusudur.

İlqar Tağıyev(525.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right