Üç gün öncə Moldovanın paytaxtı Kişinyov şəhərində jurnalistlər arasında minifutbol üzrə Avropa Millətlər Kuboku keçirildi. Turnirdə iştirak edən Azərbaycan yığması bütün rəqiblərindən üstün olaraq kuboku qazanmağı bacardı. Jurnalistlərdən ibarət yığma komandamızın kapitanı Sərxan İbrahimoğıu Sportal.az saytına müsahibə verib.
Newsport.az-ın məlumatına görə , o, Kişinyovda uğurlu çıxış edən millimizin oyunlarından və bu komandanın gələcək perspektivindən söz açıb.
- Jurnalistlərdən ibarət Azərbaycan millisi Moldovada minifutbol üzrə Avropa Millətlər Kubokunun sahibi oldu. Turnirə hazırlıq necə alındı, qarşıya qoyulan məqsəd yalnız çempionluq idi, yoxsa Kişinyova "əsas iştirakdır" prinsipi ilə yollanmışdınız?
- Buna qədər bir neçə dəfə bu turnirdə iştirak etsək də təəssüf ki, çempion ola bilməmişdik. Bunun müxtəlif səbəbləri var. Lakin bu dəfə daha yaxşı hazırlaşıb, sırf çempion olmaq məqsədilə Moldovaya yollandıq və nəhayət ki, o kuboku Bakıya gətirdik. Həmin kuboku ən çox qazanmağı bizim mərhum jurnalistimiz Elnur Əşrəfoğlu istəyirdi. Buna görə də bu çempionluğu məhz Elnur Əşrəfoğluna həsr edirik.
- Qalibi mühakimə etməsələr də, maraqlıdır, çempionluğunuzda həlledici məqamlar hansılar oldu?
- Bu dəfəki turnirin çətin keçəcəyini əvvəlcədən bilirdik. Çünki müxtəlif vasitələrlə rəqiblərin bəzilərinin heyətlərini də təxmini öyrənmişdik. Biz də reqlamentə uyğun olaraq təcrübəli baş məşqçi və qapıçı ilə güclənməyi qərara aldıq. Bundan əvvəlki illərdə də bu təcrübədən istifadə olunub. Oyunların uğurlu alınmasında əsas səbəb bunlar idi.
- AMF minifutbolun ölkədə populyarlaşması və inkişafı yolunda işlər görür. Maraqlıdır ki, jurnalistlərdən ibarət yığma komanda da qısa zamanda yığılıb, toplanış keçdikdən sonra çempionluq əldə etməyi bacardı…
- Bildiyiniz kimi, Azərbaycan Minifutbol Federasiyası ölkə idmanı üçün böyük işlər görür. Jurnalistlərdən ibarət minifutbol millisini yaratmaq bizim çoxdankı arzumuz idi. Sevinirik ki, artıq bu arzumuzu reallaşdırdıq və hətta ilk uğurumuzu da qazana bildik.
- Turnirdə ən çox çətinlik çəkdiyiniz hansı oyun oldu?
- Turnirdə ilk çətin oyunumuz elə bizim qrupda yer alan İsrail millisinə qarşı oldu. Çünki nisbətən gənc jurnalistlərdən təşkil olunmuş komanda idi. Yarımfinalda təcrübəli Gürcüstan, finaldakı Rumınya ilə oyunlar isə ən çətin görüşlərimiz oldu.
- Gələcək üçün jurnalistlərdən ibarət milli komandanın daha da komplektləşməsi və daha da inkişafı üçün hansısa planlar var? Ən azından, növbəti turnirlərdə də iştirakınız gözlənilir?
- Gələcəklə bağlı planlarımız böyükdür. İlk növbədə jurnalistlərin stabil və ənənəvi daxili çempionatını təşkilini düşünürük. Bu çempionatda fərqlənən jurnalistlərdən təşkil olunan milli komanda formalaşdırmaq daha ədalətli olacaq. Çünki Moldovadakı turnirə yollanmağa layiq olan bir neçə həmkarımızı apara bilmədik və bu məsələyə gələcəkdə daha həssas yanaşmağa çalışacağıq. Növbəti turnirlərə daha geniş heyətlə yollanmağı düşünürük. Çünki idman jurnalistləri arasında minifutbolu yaxşı oynayan xeyli həmkar var.
- Yəqin ki, Moldova çempion olduqdan sonra sizi ilk təbrik edənlərdən biri AMF prezidenti Orxan Məmmədov oldu? AMF qısa müddətdir fəaliyyət göstərməsinə baxmayaraq, artıq həm futbolçulardan, həm də jurnalistlərdən ibarət komanda Avropada çempionluq sevinci yaşadı. Düşünmək olar ki, iş eyni tepmdə gedərsə, uğurların davamı da gələcək?
- Jurnalistlərdən ibarət millinin yaranmasında ən böyük təşəbbüsü federasiyamızın prezidenti Orxan Məmmədov göstərdi. Bizim oyunları yaxından izlədiyini də bilirdik. Qələbəmizə həmkarlarımızla yanaşı federasiyamız da çox sevindi. Fürsətdən istifadə edib bu uğuru işıqlandıran, paylaşan və xoş sözlər yazan bütün jurnalistlərimizə təşəkkür edirik. Bu bizim komandadır - İdman jurnalistlərinin!