Elgiz Abbasov: “Çalışdıq ki, II Liqa ilə bölgələrdə futbol həyəcanını kütləviləşdirək”

“Sırf II Liqa ilə bağlı danışsaq, düşünürəm ki, müəyyən işləri həyata keçirə bildik. Amma təbii ki, bizim işimizə özümüzün yox, futbol ictimayyətinin, siz jurnalistlərin qiymət verməsi daha məqsəduyğun olar”.

Newsport.az saytına müsahibəsində bu sözləri II Liqanın mükafatlandırma mərasimindən sonra Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov deyib.

O bildirib ki, yekunlaşan mövsümdə II Liqa klubları əvəzsiz təcrübə qazanıblar: “Çalışdıq ki, II Liqa yarışı ilə bölgələrdə futbol həyəcanını kütləviləşdirək. AFFA İcraiyyə Komitəsinin qərarından, yarışın Peşəkar Futbol Liqasına həvalə olunmasından sonra dərhal işlərə başladıq. Bugünkü (söhbət dünən olub-red.) mükafatlandırma da onu göstərir ki, yeni təcrübəni başa vurmuş olduq. Məncə, bu, II Liqa klubları üçün də əvəzolunmaz təcrübə oldu”.

E.Abbasov II Liqanı işıqlandıran mətbuat nümayəndələrinə təşəkkür edib: “Biz birlikdə futbolun kütləviliyi üçün çalışırıq. Buna nə qədər nail olduğumuza isə ictimaiyyət qərar verə bilər”.

Cari mövsüm Peşəkar Futbol Liqası II Liqada keçirilən bütün oyunları yutub kanalı vasitəsi ilə canlı yayımladı. Elgiz Abbasov qeyd edib ki, bu, heç də asan başa gəlməyib: “Əldə material varsa, onun yaxşı şəkildə təqdim olunması üçün çalışdıq. Bunu bacarmışıqsa, nə xoş bizə. Həqiqətən də çəkiliş qrupumuz, Sənan bəyin (Sənan Abdullayev nəzərdə tutulur-red.) rəhbərliyi altında Media və Marketinq departamentimiz çox əziyyət çəkdi. Kənardan bu, kiçik iş kimi görünə bilər. Amma II Liqanın bütün oyunlarının davamlı, fasiləsiz canlı yayımlanması heç də asan iş deyil. Hesab edirik ki, bu ənənə gələcəkdə də davam etdirilməlidir. Bu, futbolun kütləviliyi baxımından çox vacibdir. Ən azından müəyyən qədər sponsorların cəlb edilməsi baxımından da kömək ola bilər”.

E.Abbasov digər yarışlar kimi, II Liqada da idman prinsiplərinin qorunduğunu söyləyib: “Əsas məqsədlərimizdən biri budur. İdman pinsipi qorunanda maraq da olur, mübarizə də gedir, gərginlik də artır. Necə ki, biz buna I Liqada da, Premyer Liqada da şahidlik edirik”.

PFL rəsmisi hazırda II Liqada klub sayının artımı barədə düşünmədiklərini sözlərinə əlavə edib: “Hazırkı məqamda say artımını fikirləşmirik. Təbii ki, İcraiyyə Komitəsi bununla bağlı yeni qərar qəbul edərsə, yarışların təşkilinə rəhbərlik və nəzarət edən qurum kimi yeni komandaların çempionata cəlb edilməsinə hazırıq. Əlbəttə, həmin klub mütləq lisenziya şərtlərinə cavab verməlidir. Eləcə də klubun infrastrukturu mühüm əhəmiyyət kəsb edir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right