AFFA-nın Protokol Xidmətinin rəisi Orxan Əhmədov türkdilli ölkələrin futbol federasiyalarının Əməkdaşlıq Şurasının iclasında iştirak edib.
Türkiyə Futbol Federasiyasının saytında yayımlanan xəbərə görə, toplantı Tailandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresində gerçəkləşib.
Yığıncağa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Türkmənistan, Özbəkistan və Türkiyə futbol federasiyaları qatılıblar. İclasda FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov da iştirak edib.
Türkiyə Futbol Federasiyasının Əməkdaşlıq Şurasına sədrlik etməsi qərara alınıb. Qurum iyunun 1-dən bir il müddətinə bu vəzifəni yerinə yetirəcək (Report).