Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində "Neftçi” öz meydanında "Qəbələ”yə 0:1 hesabı ilə uduzdu.
Newsport.az-ın məlumatına görə, çempionatda 4 oyundu qələbə üzünə həsrət qalan paytaxt klubu hazırda çətin günlərini yaşayır. Oyundan sonra jurnalistlərə müsahibə verən "Neftçi”nin yarımmüdafiəçisi Kaue da Silva da bu məsələ ətrafında danışıb.
- Qarşılaşma barədə nə deyə bilərsiz?
- Yaxşı oynadıq. Hesabı açmaq üçün şanslarımız da oldu. Ən azı 1 xal qazanılası oyun idi. Amma oyunun sonlarında bir qədər konsentrasiya dağınıqlığı oldu. Cərimə meydançası daxilində rəqibə asanlıqla fərqlənmək üçün imkan verdik. Rəqib də bundan istifadə edib qolu vurdu, 3 xalı qazandı.
- Ardıcıl şəkildə məğlub olursuz. Problem nədən qaynaqlanır?
- Bəli, müəyyən problemlər mövcuddu. Amma indi bunun səbəbini demək çox çətindir. Oyunlarımızın təhlili olur. Ciddi araşdırıb harda səhv etdiyimizi müəyyənləşdirməliyik ki, yenə eyni səhvi təkrarlamayaq. Bu durum bizim üçün də yaxşı hal deyil. Amma bəxtimizin də gətirmədiyi hallar olur. "Zirə” ilə oyunda pis çıxış etmişdik, yəni məğlubiyyət hardasa ədalətli idi. Amma "Qəbələ”yə qarşı yaxşı oynadıq. Sadəcə, son anda qol buraxıb yenə xalsız qaldıq. Dediyim ki, dərindən təhlil etmək lazımdı vəziyyəti. Üzərimizdə daha çox işləyib, vəziyyəti dəyişməyə çalışmalıyıq.
- İkinci hissədə zəif təsir bağışlamağınız nə ilə bağlı idi?
- Bilirsiz, ilk hissədə daha çox arxaya çəkilib əks-hecumlara üstünlük verirdik. Belədə mənim də işim görünürdü. Amma fasilədən sonra üstünlüyü ələ almağa, topa daha çox nəzarət etməyə başladıq. Belədə hücumlar çoxaldı ki, həmin zonada mənim olmağım düz olmazdı. Bəlkə də buna görə kənardan belə görünürdü. Məncə, səhvimiz də elə bunda oldu ki, ikinci hissədə rəqibə çoxlu boş zonalar verdik, əks-hücumlarına imkan yaratdıq. Gərək arxaya daha çox fikir verəydik.
- Turnir cədvəlində 6-cı yer "Neftçi”nin layiq olduğu pillədi?
- Qətiyyən. Bu yer "Neftçi”yə layiq deyil. "Neftçi” daim birinci yer uğrunda mübarizə aparıb. Minimum mükafatçılar sırasına düşmək istəyirik. Çalışıb vəziyyəti düzəltməliyik. Turnir cədvəlində irəliləmək lazımdır.
- Azarkeşləriniz çox məyusdu. Hətta komandanı fitə basırdılar…
- Onlar "Neftçi”nin hər zaman çempionluğa oynamasına, turnirlər qazançasına alışıb. Amma indi vəziyyət yaxşı deyil. Ona görə də fanatları başa düşürəm. Azarkeşlər hazırkı durumdan narazıdırlar. Amma onların komandanı fitə basması yaxşı hal deyil. Bizə dəstək olsalar, daha yaxşı olar.
- Heyətinizdə gənc futbolçular çoxluq təşkil edir. Bu sizə problem yarada bilər?
- Problem deməzdim. Amma "Qəbələ”nin heyətiylə müqayisədə təcrübə baxımından geri qalırdıq, bəli. Həm də komandada çoxlu dəyişikliklər olub. Prezidentdən tutmuş, icraçı direktor, baş məşqçi dəyişib, xeyli futbolçu gedib. Dəyişiklik olan zaman komandanın özünə gəlməsi üçün zamana ehtiyac olur. Çox işləmək, çalışmaq lazımdı.
- "Neftçi” bütün bu problemləri nə vaxt həll edəcək?
- Hər şey özümüzdən asılıdır. Üzərimizdə çox işləyib, ən qısa zamanda bu vəziyyətdən çıxmalıyıq. Futbolda hər günün öz hokum var. Sabah artıq gec ola bilər. Elə ona görə də bu gündən hazırlaşmaq, vəziyyətdən çıxış yolu axtarmaq lazımdı.