“Neftçi” Azərbaycan çempionatlarında nadir təsadüf olunan göstəriciyə imza atıb. Newsport.az xəbər verir ki, Premyer Liqanın XXXIII turunda “Qarabağ”dan 5 qol buraxan Bakı klubu XXXIV turda “Kəpəz”in qapısına eyni sayda qol vurub – 0:5 və 5:1.
Paytaxt təmsilçisi tarixində ilk dəfə 5 və ya daha çox buraxdığı görüşdən sonrakı qarşılaşmada belə məhsuldarlıq göstərib. 1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci dəfə belə hadisə yaşanıb.
Buna sonuncu dəfə AZAL nail olub. Paytaxt təmsilçisi 2011-12 mövsümündə “Neftçi”yə 1:7 hesabı ilə uduzandan sonra “Simurq”a qalib gəlib – 5:1.
“Neftçi” və AZAL-dan başqa daha 3 komanda belə halla üzləşib. “Turan” üç dəfə belə oyunlar ardıcıllığı yaşayıb. Tovuzlular 1997-98 (“Qarabağ” - 1:5, “Kür-Nur” - 5:1), 1998-99 (“Bakı fəhləsi” - 1:5, “Şahdağ” - 8:0) və 2000-01 (“Neftçi” - 1:5, “Araz-Naxçıvan” - 7:2) mövsümlərində iki fərqli matçı sıralayıb.
Sumqayıt “Xəzər”i 1999-2000 (“Şəfa” - 0:5, “Neftqaz” - 5:0), “Qarabağ” 2001-02 (“Şəmkir” - 1:5, “Şahdağ” - 6:0) mövsümlərində 5 və ya daha çox qol buraxdığı görüşdən sonra məhsuldarlıq nümayiş etdirib.