"Tanrıya şükür edirəm ki, yenidən mənə yaşıl meydanlara qayıtmaq imkanı yaratdı. Ailəmə, klubuma mənə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Onlar da mənim sağalmağımı intizarla gözləyirdilər”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Çumbinyo deyib.
Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Zirə" ilə qarşılaşan Ağdam klubu rəqibi 4:1 hesabıyla üstələdi. Uzunmüddətli zədədən sonra ilk dəfə rəsmi oyunda meydana çıxan braziliyalı futbolçu 2 məhsuldar ötürmə ilə yadda qaldı. Oyundan sonra jurnalistlərin əhatəsinə düşən "sambaçı” sevincini belə bölüşüb:
"Yaşıl meydana yenidən çıxanda fərqli atmosferi hiss etmək mənim üçün olduqca yaxşı oldu. "Qarabağ"da öz işimə davam edəcəm, öz üzərimdə durmadan çalışacam. Yaşıl meydanlara qayıtdığım üçün çox şadam. Ümid edirəm ki, bu qayıdışım uzunmüddətli olacaq. "Qarabağ"ın bundan sonra da uğurlu çıxış etməsi üçün əlimdən gələni edəcəm”.
29 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın oktyabrın 23-də Fransada "Monako" ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin III tur matçından da danışıb. O, özünün və Reynaldonun oynamayacağı məsələsinə toxunub: "Qurban Qurbanov futbolçularına qiymət verməyi, onlardan düzgün yararlanmağı bacarır. Əminəm ki, baş məşqçimiz komanda üçün ən uyğun qərarı verəcək və ən hazırlıqlı futbolçuları meydana buraxacaq. Əlbəttə, belə bir qrupda mübarizə aparmaq bizim üçün çətindir. Amma rəqiblərimiz nə qədər güclü olsa da, mümkünsüz heç nə yoxdur".
Qeyd edək ki, Çumbinyo 2014-cü il sentyabrın 18-də "Qarabağ"ın "Sent Etyen"lə keçirdiyi Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında zədələnib. Braziliyalı yarımmüdafiəçi təxminən 13 aydan sonra yaşıl meydanlara qayıdıb.