Azər Bağırov: "İnanıram ki, karyeramda başqa bir dönəm başlayacaq"

"Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Azər Bağırov müsahibə verib.

Newsport.az həmin müsahibəni təqdim edir:

- Hazırda nə iş görürsüz?

- "Araz-Naxçıvan"dan ayrılandan sonra böyük ölçüdə istirahət edirəm. Ailəmlə birlikdəyəm, bəzi kitabları oxuyuram. Beynimin dincəlməsini təmin edirəm.

- Çempionatın sonuna az qalmış komandadan getmək üzücü deyil?

- Ümumi götürəndə əlbəttə ki, üzücüdür. Amma bir peşəkar məşqçi, futboldan olan insan kimi hər zaman belə hallara hazır olmağı özümə tərbiyə etmişəm. Hazırda çox da stressə qapılmamışam, hər şey qaydasındadır. Məşqçilər hər an tutduqları postdan gedə bilərlər. Bunu təbiii hal kimi qəbul edirəm.

- Komanda Elmar Baxşıyevin rəhbərliyi altında ilk oyuna çıxdı. Həmin oyunu necə dəyərləndirirsiz?

- Əlbəttə ki, oyunu izləyirdim. "Araz-Naxçıvan" mənim yaratdığım, Region Liqasından götürdüyüm klubdur. İstəsəm də, istəməsəm də, bir parçamı ora vermiş kimi sayılıram. Komandanın ilk dəqiqələrdə qol buraxması psixoloji baxımdan qeyri-sabitlik yaratdı. İlk hissənin sonundakı qolun nəticəsində "Neftçi" ikinci yarıda tam başqa cür oynadı. Bəzən "Araz-Naxçıvan"ın üstünlüyü olurdu. Son dəqiqələrdə 3-cü qolu vurmaqla "Neftçi" hər şeyin bitdiyini göstərdi. Komandaya yeni gələndə Elmar Baxşıyevə uğurlar arzulamışam. İnşallah "Araz-Naxçıvan" üçün xeyirli olar.

- Naxçıvan təmsilçisi 9-cu pilləyə düşməyə yaxındı. Bu barədə nə deyərdiz?

- Komandanın neçənci pillədə olması barədə müzakirə aparmaq istəmirəm. "Araz-Naxçıvan"a gələcək oyunlarda ancaq uğurlar arzulaya bilərəm.

- Yaxın gələcəklə bağlı planlarınız nədir?

- Elə böyük planlarım yoxdur. İstirahətimə davam edirəm. Düşünürəm ki, Premyer Liqada çalışmağım, öz dəst-xəttimi göstərməyim futbol funksionerlərində mənə maraq yaradacaq. AFFA rəhbərliyi də dəyişib. Yaxın gələcəkdə təkliflərin gələcəyini fikirləşirəm. Hər hansı təklifdən sonra böyük işlərin təməlini qurarıq. İnanıram ki, karyeramda başqa bir dönəm başlayacaq.

- Təkliflər var?

- Xeyr, heç bir təklif olmayıb. Hər şey hələ qarşıdadı. (sportal.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right