"Qarabağ"la matçda çox bərbad oynadıq"

"Kəpəz"in futbolçusu Latir Fal klubun mətbuat xidmətinə müsahibə verib.

Newsport.az xəbər verir ki, seneqallı yarımmüdafiəçi əvvəlcə Misli Premyer Liqasının 28-ci turunda "Qarabağ"a 1:6 hesabı ilə uduzudqları matç haqda danışıb.

- “Qarabağ”a qarşı oyun uğursuz nəticə ilə yadda qaldı. Həmin matçdan futbolçular nəticə çıxarıb?

-  Bərbad oynadıq, bu da hesabda əks olundu. Meydanda mübarizəmiz aşağı səviyyə idi. Amma bu oyundan nəticə çıxarmışıq, səhvlərimizi təhlil etmişik. İrəliyə baxırıq.

-  Öz oyunun haqqında nə deyə bilərsən?

- Yaxşı bir şey fikirləşmirəm. Qol vursam da, çıxışımdan narazıyam. Çünki həm özüm, həm də komandamız bundan daha yaxşısını bacarır.

- Yaradıcı oyun üslübuna üstünlük verən Latiri bəzi hallarda meydana sonradan daxil olan görürük. Bu məqam onu sıxmır?

- Ehtiyatda oturmaq hər bir futbolçunun xoşlamadığı bir şeydir. Eləcə də mənim. Bu, normaldır. Amma mən məşqçinin seçiminə, qərarına hörmətlə yanaşıram.

- Sonuncu dövrə başlayıb. Qarşıdakı oyunlar barədə nə düşünürsən?

- “Qarabağ” ilə oynadığımız kimi oynamamalıyıq. Öz oyunumuzu daha yaxşı şəkildə göstərsək, uğurlu nəticələr qazana bilərik. Buna gücümüz var.

- Komanda elitada qala biləcək?

- Demək olar ki, növbəti mövsüm üçün yerimizi müəyyən qədər təmin etmişik. Amma rahatlaşmaq olmaz. Düzdür, xal fərqi böyükdür. Bununla belə qarşıda 8 matç var. Mübarizə davam edir.

- Ramazan ayı necə gedir?

- Hər şey yaxşıdır, yolundadır. Orucumuzu tutub, dualarımızı edirik. Azərbaycan müsəlman ölkəsidir. Heç bir çətinlik yoxdur. Çətinlik Afrikada olur. Çünki orada hava daha istidir. Burada bədənin suya təlabatı çox deyil. Ramazanda bədən zəifləyir, əslində normal bir şeydir. İdmançılar daha çox enerji sərf edirlər və cəmi iki dəfə qidalanmaq məcburiyyətindədirlər.

- İftarda necə qidalanırsan?

- Orucu hamı kimi su və xurma ilə açıram. Namazdan sonra yeməyə otururam. Qida qəbulunda yumurta və ət xörəklərinə üstünlük verirəm. İftarı oyundan öncəki və matç günləri komanda yoldaşlarımla bir yerdə edirik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right