Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib.
Newsport.az-ın məlumatına görə, o İcraiyyə Komitəsinin iclasından sonra açıqlamalar verib:
- İcraiyyə Komitəsinin iclasında hansı qərarlar qəbul olundu?
- İlk iclasımız idi. Daha çox tanışlıq xarakteri daşıyırdı. Qısa müddətdə görüləcək işlərin kontoru öyrənildi. Təyinatlar baş verdi. İcraçı vitse-prezident Sərxan Hacıyev təyin olundu. Digər vitse-prezidentlər Könül Mehdiyeva, Balakişi Qasımov və Elşad Nəsirov oldu. Baş katib də müvəqqəti Sərxan Hacıyev olacaq.
- Elxan Məmmədov bildirdi ki, Rövnəq Abdullayev uğur qazanıb gəlmişdi AFFA-ya. Bunu sizə sətiraltı mesaj kimi qəbul etmək olar? "Neftçi"yə gələndə sizə böyük ümidlər var idi, amma ümidlər doğrulmur. Sizə hansı ümid bəsləyə bilərik?
- Burada hansısa mesaj görmürəm. "Neftçi" Müşahidə Şurasının üzvü idim, artıq gedirəm. Bir il əvvəl "Neftçi"də fəaliyyətə başlamışdıq. Deyilən sözlər indi də aktualdır. Azərbyacan futbolu üçün zaman lazımdır. Bu təkcə nəticələrlə deyil, həm də gənc futbolçulara şans verilməsi, akademiyalarda oyunçuların yetişdirilməsi, qarşıya qoyulan hədəflərin seçilməsi və şəffaf hesabat önəmlidir. Bu amilləri nəzərə almaq lazımdır. Uğurlu komandanın formalaşması üçün zaman lazımdır. Qısa müddətdə uğurlu komanda yaratmaq çətindir və davamlılığı təşkil etmək mümkün olmur. Azərbaycan futboluna gəldikdə, bütün aidiyyatı şəxslər və qurumların birgə səyi nəticəsində daha böyük nəticələrə çata bilərik. Uşaq futbolu, infrastrukturun təkmilləşməsi, ot örtüyünün beynəlxalq səviyyəyə çatdırılması, azarkeşlərin stadionlara cəlb olunması. Planlar hazırlanacaq və şəffaf şəkildə ictimaiyyətə açıqlanacaq.
- Yəqin ki, Azərbaycan futbolunun yol xəritəsi hazırdır. Klubların əsas problemi maliyyə ilə bağlıdır. Azərbaycan futbolunda dövblət proqramı, indikindən daha çox maliyyə yardımı nəzərdə tutulub?
- Yol xəritəsi hələ hazır deyil. İlk iclasımız indi oldu. Qarşıya qoyulan hədəflərdən biri deyilən hədəflər üçün strategiyanın hazırlanmasıdır. Burada maliyyə də önəmlidir. İstənilən böyük dəyişikliklər üçün maliyyə dəstəyinə ehtiyac var. Dövlətin dəstəyinin artırılması yox, özəl sponsorların cəlb edilməsi yönündə işləməliyik. Daha çox azarkeş stadiona gəlsə, azarkeşlər oyunlara televiziyada daha çox baxsalar, futbola sponsorlar cəlb edilsə, Azərbaycan futbolu üçün maliyyə də artacaq. Teleyayımın keyfiyyətinin artırılması yönündə düşünməliyik. Vəsaitin dövlətdən yox, özəl sahədən, sponsorlardan gəlməsi, atributların satışı üzərində işləməliyik. Sadə səslənsə də, böyük zəhmət və böyük inkişaf yolu tələb edən tədbirlərdir. Bütün futbol ictimaiyyəti birlikdə çalışaraq buna nail olacağıq.
- Son 6-7 il ərzində AFFA rəhbərliyi mətbuatdan uzaq idi. "Neftçi"yə gələndə sizi də tez-tez görə bilmirdik. Sizin media ilə əlaqəli proqramınız, ideyanız var? Jurnalistlərlə tez-tez görüşəcəksiz, yoxsa ildə 1-2 dəfə sizi görəcəyik?
- Futbolun inkişafına futbola adiyyatı olan qurumların və şəxslərin birgə fəaliyyəti nəticəsində nail ola bilərik. İdman mediası da futbolumuzun ayrılmaz, önəmli hissələrindən biridir. AFFA-nın məqsədlərinə çatmasında sizin də köməyiniz olacaq. Media olmadan mükün deyil. Maliyyəni təyin etmək üçün milli çempionatımızda məhsul formalaşdırmalıyıq. Bu da maliyyə vəsaitinin cəlb edilməsidir. Burada medianın rolu danılmazdır. Media ilə AFFA birlikdə daha da sıx işləyəcəyik. Strategiya üzərində işləmək üçün zaman lazımdır. Media nümayəndələri ilə görüş keçirəcəyik. Hansı çətinliklər var, mətbuatın AFFA-dan gözləntiləri nədir, öz aramızda müzakirə edərik. Qapalı qapılar arxasında insanlar fikirlərini daha rahat şəkildə ifadə edə bilir. Futbolun inkişafında bizə dəstək verəcək media görəcəyik. Suallarınız da olarsa, AFFA-ya müraciət edə bilərsiz. Vaxtaşırı konfranslar keçirəcəyik.
- Geridə qalan illərdə milli komandalar səviyyəsində heç bir uğur görməmişik. Bizim üçün son ümid budur. Azərbaycan millisinin heyətində uğurlu olan veteranlarla bağlı planlarınız nədir?
- Əslində, bu sualın cavabını əvvəlki çıxışımda verdim. Millidə oynamış bütün futbolçulardan bəhrənələcəyik. Konkret olaraq necə? Bunun üçün müəyyən proqram düşünəcəyik.
- Bir çox idman növlərində federasiya prezidentləri işləri kiməsə həvalə edib, özləri kənara çəkilir. Siz necə edəcəksiz? Məsuliyyəti üzərinizə götürəcəksiz?
- Birincisi mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm. Futbol böyük ailədir. Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Mənə böyük etimad göstərilib. Uşaqlıqda məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa da, tanışlarla daim futbol oynayan, insan kimi, futbol mənə çox yaxındır, sevdiyim idman növüdür. Bu etimadı futbola sevgimin təcəssüm olunması kimi baxıram. Göstərilən etimadı doğrultmaq istəyirəm. Amma həmkarlarla birlikdə olacam Bu, bir nəfərin işi deyil. Fəal olaraq işlərə cəlb olunacam. İK-dəki, AFFA-dakı həmkarların, medianın dəstəyi lazım olacaq. Xoş günlər çox olsun, onları qeyd edək. Futboldur da, udursan da, uduzursan da. Uduzanda da səbəbləri araşdırıb, həlli yolunda işlər görəcəyik. Bu etimadı doğrutlmaq üçün əlimdən gələni əsirgəməyəcəm.
- Milli komanda zəif bənd rolunu oynayır. Udanda da təndiq olunur, məsxərəyə qoyulur. Bunu nə ilə əlaqələndirirsiz? Futbol üzərində maraqların toqquşmasıdır?
- Bu sualı cavablandırmaq çətindir. Necə məsxərəyə qoyulub? Bir-iki nəfər? Bu futbol icması deyil. Gərək hamının səsini nəzərə alaq. Bir-iki nəfər söz deyirsə, o demək deyil ki, bütün futbol ictimaiyyətinin rəyidir. Bəli, millimizdir, Azərbaycanı təmsil edir. Uğurlu gündə də, uğursuz gündə də komandanın yanında olmalıyıq. Kritik şərhləri verməliyik, öz fikirlərimizi bölüşməliyik. Oyunçuların ailələri, övladları var. Onlara qarşı şəxsi, düzgün olmayan, qeyri-etik sözlərin işlədilməsi düzgün deyil. Amma yenə də söz azadlığıdır, hər insan fikrini ifadə etməkdə azaddır. Millimiz bizim şərəf yerimizdir. Daim onların yanında olmalıyıq. Xarici çempionatlarda görürük ki, azarkeşlər uduzan komandanı da alqışlayır. Bəzən səndən zəiflərə də uduza bilərsən. Həmin gün oyunçuların motivasiyası aşağı ola bilər. Futbolu maraqlı edən bu növ hallardır. Mütəxəssislər öz fikirlərini səsləndirməkdə sərbəstdir. Amma oyunçuların insan olduğu, onların da yaxınlarının olduğunu unutmamaları düzgün olardı.
- AFFA-da bəzi postlar boşdur. "Neftçi"dən kimisə AFFA-da görə bilərik?
- Bu gün seçilmişəm. İmkan olmayıb müzakirə edək. Qısa müddətdə bunları müzakirə edib, AFFA-nın təşkilati strukturunda da dəyişiklik edilməsi mümkündür. Hansısa departament, şöbələrin birləşməsi, ayrılması mümkündür. Ola bilər ki, növbəti iki ilə ehtiyac olmasın. Strukturu görüb, daha sonra müzakirə etmək lazımdır. Bu gündən "Neftçi"nin Müşahidə Şurasında iştirakıma xitam verirəm. Kiminsə bura gəlməsi AFFA-dakı tələblərdən, "Neftçi"dəki qərarlardan asılı olacaq. Azərbaycan futbolunun inkişafı naminə, tək "Neftçi" yox, digər klublarla da müzakirələr apara bilərik. "Sabah"ın Masazırdakı stadionuna çox azarkeş gəlir. O təcrübənin onlardan öyrənilməsi çox yaxşı olardı. Klub atributunun satılmasında "Qarabağ" çox irəlidədir. Həmin klublarda çalışan mütəxəssislərin dəyərli fikirlərindən yararlanmaq çox dəyərli olacaq.
- "Xəzər Lənkəran" cəbhəsində son vaxtlar sıçrayış var. Onların Premyer Liqaya qayıtması AFFA-nın gündəmində var?
- Hələ ki, bu, müzakirə mövzusu deyil. Liqada olub-olmamalarına AFFA qərar vermir. Bu, ədalətli rəqabət nəticəsində oyun meydançasında müəyyənləşir. Komandaların uğurlu nəticəsindən asılı olan qərardır. İcraiyyə Komitəsinin səalahiyyətləri müəyyənləşib. Hansı komandanın harada olması mandata daxil deyil.
- Milli komandaya baş məşqçi təyinatı üçün son gün təyin edilib?
- Artıq baş verməli idi. Müəyyən hüquqi məsələlərin müzakirəsinə görə uzanıb. Məşqçilərlə danışıqlar aparılıb. Onların adlarını niyə səsləndirə bilmirəm? Çünki razılaşmaya əsasən, məxfi saxlanılır. Həmin məşqçilərin xahişinə görədir. Dekabrda bu proses başlanılıb. Əldə edilmiş razlıqlara hörmətlə yanaşırıq. Artıq açıqlanmalı idi. Hüquqi məsələləri qısa müddətdə yekunlaşdırmağa çalışacağıq. Milli komanda qarşıdakı oyunlara hazırlıq görməlidir. Baş məşqçinin hazırlıq üçün vaxtı olmalıdır.
- İcraiyyə Komitəsində futbol adamlarının sayı cəmi 2 nəfərdir. Futbol adamlarının az olması nə ilə bağlıdır?
- Futbola bağlı olan insanların sayı cəmi 2 nəfər deyil, icarə verin, razılaşmayım. Sabiq futbolçuların sayı ikidir. Amma futbol aləmində olan, futbola müxtəlif dövrlərdə bağlılığı olan, inkişafına töhvə verən insanlar cəlb edilib. Maliyyə, infrastrukturdan, uşaq futbolunun, teleyayımın inkişafından, sponsorların cəlb edilməsindən danışırıq. Bütü bunlar müxtəlif sahələrdə müxtəlif bacarıq tələb edir. İK-nin üzvləri də futbola sevgisi olan insanlardır.
- Bu gün "Neftçi" - "Qarabağ" matçında keçmiş komandanıza azarkeşlik edəcəksiz?
- Səlahiyyətlərim bu gündən başlayır. Bundan sonra Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq. Milli komandamızın, eyni zamanda klubların hamısının azarkeşi olacağıq. Onların inkişafı üçün əlindən gələni əsirgəməyən İK-nin üzvlərindən biri olacam. Avropa yarışlarında ümid edirəm ki, komandalarımız daha irəli gedər. Həmin oyunlarda daha rahat azarkeşlik etmək olar. Klublarımız avrokuboklarda çıxış edəndə hamımız dəstək veririk. "Qarabağ"ın uğurları göstərdi ki, avrokuboklarda azarkeşlərin hamısı onları dsətəkləyir.