Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxır.
Newsport.az-ın məlumatına görə, yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki sonuncu - onuncu oyununda Bolqarıstanın qonağı olacaq.
Qeyd edək ki, Bolqarıstan Azərbaycan yığması üçün tanış rəqibdir. Belə ki, millimiz 2004-cü ildə bu komanda ilə Bakıda yoxlama oyunu keçirib. Həmin görüş qolsuz başa çatıb. Komandalar arasında bu seçmə mərhələ çərçivəsində baş tutan ilk rəsmi qarşılaşmada isə bolqarlar Bakıda 2:1 hesablı qələbəyə sevinmişdilər. İndi millimiz ilk dəfə bu rəqibinə qalib gəlmək şansına malikdir.
Bolqarlar millimizlə görüşdə aşkar favoritdir. Azərbaycan yığmasının bu rəqibdən hətta 1 xal alması da uğur kimi qiymətləndiriləcək. Amma təbii ki, millimiz qələbə qazanmaqla çox böyük sürprizə də imza ata bilər. Düzdür, mümkün qələbə yığmamıza hansısa ciddi uğur qazandırmayacaq. Lakin komandamız ən azı 3 xal qazanmaqla bolqarları turnir cədvəlində qabaqlaması mümkündür.
13 oktyabr
H qrupu
"Avro-2016"nın seçmə mərhələsi, son tur
23:45. Bolqarıstan - Azərbaycan - 2:0
Qol: M.Aleksandrov, 20 (1:0).D.Rangelov, 56 (2:0)
Hakimlər: Tomaş Boqnar, Peter Beretyan, Qabor Eros və Teodoros Georgiu (hamısı Macarıstan)
Sofiya. "Vasil Levski" stadionu.