İnsanın ad gününün əlamətdar olaylara təsadüf etməsi ikiqat sevindiricidir. Bu mənada "Qəbələ"nin futbolçusu Ruslan Abışovun həyatında 28-cü yaşının tamam olması xüsusi bir, tarixi bir gündədir. Axı bu gün dördqat dünya çempionu İtaliya yığmasıyla rəsmi oyundur. Söhbət təkcə milli komandamızın “Avro-2016”da sonuncu ev oyununun olmasından getmir. Bu ilin iyununda “Bakı-2015” I Avropa Oyunları vaxtı rəsmi açılışı olan Bakı Olimpiya Stadionunda ilk futbol matçı kimi tarix' düşən Azərbaycan – İtaliya oyunudur.
16 yaşında Türkiyədə legioner həyatı
İlk addımlarını Uşaq Gənclər Futbol Məktəbində alan Ruslanın ilk məşqçisi Əli Məmmədov olub. Futbolçu ilk addımlarını “Neftçi”də atıb. O, hələ 16 yaşında Vətəndən kənarda oynamaq imkanı qazanıb. Belə ki, 2003-cü ilin qışında Türkiyəyə yollanan Abışov 6 ay “Dənizlispor”un formasını geyinib. Ruslan əsas komandanın məşqlərinə qatılsa da, əvəzedici heyətdə çıxış edib. Ancaq Türkiyə vətəndaşlığı olmadığı üçün geri qayıtmalı olan Ruslan “Neftçi”nin əvəzedici heyətində 1 il oynadıqdan sonra – 2006-cı ildə əsas komandaya cəlb olunub. Bu, Qurban Qurbanovun baş məşqçiliyi dövründə olub. Onu bu postda əvəzləyən çexiyalı Vlasitimil Petrjela, ukraynalı Anatoli Demyanenko da kimi tanınmış mütəxəssislər də Avışova əsas heyətdə güvənirlər.
"Neftçi"də qazanılan şəxsi nailiyyətlər
Ruslan şəxsi nailiyyətlərini də “Neftçi”nin (2006-12-ci illər, 116 oyun, 7 qol) heyətində qazanıb. Bu, karyerasında ən yaxşı illərini keçirdiyi 2011-12-də olub. O, 2010/11 mövsümündə Premyer Liqamızın ən yaxşı yarımmüdafiəçisi seçilib. Bu yerdə qeyd edim ki, Ruslan mərkəz müdafiəçisi olsa da, həmin vaxt dayaq yarımmüdafiəçisi kimi oynamağa başlayır. Bu, həm klubda, həm də millidə almaniyalı Berti Foqtsun baş məşqçiliyi dövründə baş verib. 2012-ci ildə Abışov birdən-birə iki nomimasiyanın qalibi olub. Bu, ilin futbolçusu və milli komandamızın ən yaxşı müdafiəçisidir. Ruslan karyerasında titullar “Neftçi”ylə ardıcıl 2 mövsüm 2010/11 və 2011/12-də qazandığı çempionluqdur. Bunlardan biri Arif Əsədovun, digəri Böyükağa Hacıyevin dövründə olub.
"Xəzər Lənkəran"la tarixi qol və "Rubin"ə transfer
2012-ci ilin yayında “Neftçi”nin prinsipial rəqibi “Xəzər Lənkəran”a (17 oyun, 1 qol) keçən Ruslan orada cəmi 6 oynasa da, yaddaqalan iz buraxıb. Belə ki, cənub təmsilçisi avrokuboklarda ilk dəfə mərhələni onda keçib, ilk qələbəni onda qazanıb. Avropa Liqasının I təsnifat mərhələsindən Estoniyanın “Nomme Kalyu” klubutla Tallindəki matçda 2:0 hesablı qələbədə başla qola imza atan futbolçu tarixi uğurda əsas pay sahiblərindən olub. Məhz həmin vaxtlar onu gözaltı edən, hətta baxışa çağıran Rusiyanın “Rubin” klubu 2013-cü ilin qışında keçidi reallaşdırır və 2,5 illik müqavilə imzalayır. Ancaq təəssüf ki, Abışovun transferini həyata keçirən həmin vaxtkı baş məşqçi Kurban Berdıyev ona əsas heyətdə şans vermir. Nəticədə futbolçumuz Premyer Liqada cəmi 1 oyun keçirir və Avropa Liqasında qrup mərhələsində meydana çıxır. Hər halda, o, Rusiya yüksək liqasında debüt edən, onun qrup mərhələsində çıxış edən azsaylı futbolçularımızdandır.
"Qəbələ"də ilk bürünc medal, Lənkəranda başlayan milli karyera
2013-cü ilin iyununda Abışovun karyerası "Qəbələ”yə bağlıdır. Düzdür, o, bu yay “Xəzər Lənkəran”ı qayıtsa da, FİFA-nın bu kluba transfer qadağası üzündən müqaviləsini pozdu və Qəbələyə döndü. O, karyerasında ilk və hələ ki yeganə bürünc medalı məhz bu komandayla ötən mövsüm qazanıb. Ruslan keçən mövsümün ikinci yarısında “Qəbələ”nin kapitanı olub, hazırda isə vitse-kapitanlardandır.
Abışov milli komandamızda 2009-cu ilin sentyabrında Finlandiya yığmasıyla Lənkərandakı rəsmi oyunda (1:2) debüt edib. Yığmada da kapitan sarğısını daşımış müdafiəçi 4 qol vurub. Qol hesabını Çexiya yığması ilə yoldaşlıq görüşündə (2:0) açan Ruslan ardından rəsmi oyunlarda – Belçika (1:3), İsrail (1:1) və Lüksemburq (1:1) seçmə mərhələ matçlarında fərqlənib.
Futboldan kənarda da fərqlənən futbolçu
Ruslan karyerası boyu daha çox “15 nömrə”li formanı geyinib. Onun “Rubin”də və hazırda “Qəbələ”də daşıdığı nömrə təvəllüdünə uyğun "87"dir. Xarici görünüşünə, dəbə, geyimə xüsusi diqqət yetirən Abışov bu cəhətdən seçilən futbolçularımızdandır. Onun bir vaxtlar müğənni Sevda Yəhyayevanın klipinə çəkilməsi də maraqlı, yaddaqalan olay kimi böyük rezonans doğurmuşdu. Bu layihənin təşəbbüskarı olan qardaşı Sərxan İbrahimoğlu "İdman Azərbaycan"ın əməkdaşı olaraq həmkarımızdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Ruslan hələ ki subaydır.
Bəli, “Qəbələ”nin 2 təcrübəli futbolçusu – Rəşad Sadiqovla Ruslan Abışov bu həftə ad günləridir. Onlar bunu millimizin düşərgəsində keçirməli olublar. İkisi, xüsusilə Abışov üçün ad gününə ən yaxşı hədiyyə İtaliyaya qarşı oynamaq, uğurlu çıxış, qol vurmaq, qələbə qazanmaq olacaq. Ona bunu arzulayaraq, "Qəbələ ilk Qəzeti" adından təbrik edirəm.
Ad günün mübarək, Ruslan!
Mehman Süleymanov
P.S. Newsport.az saytı olaraq bizdə təbrikə qoşuluruq!