"İki qol vurduq, saymadılar, gələn dəfə çox vuracacağıq ki, heç olmasa birini saysınlar"

"Oyuna çox yaxşı başlamışdıq. Üstünlük bizdə idi. Top itkisi baş verdi və rəqib də bundan istifadə edib, qolunu vurdu. Ondan sonra çoxsaylı hücumlarımız oldu, qollar vurduq. Heç biri qeydə alınmadı. Hücumlara davam etdik, bəzi dəqiqələrdə üstünlük rəqibə keçirdi. Ümumilikdə götürsək, futbolçularım bu gün qəhrəmancasına mübarizə aparırdı. Hamısını bağrıma basıram. Bu şəkildə də davam etməliyik. İstər rəqiblərlə, istərsə də, başqa hallarla sonuna qədər mübarizə aparmalıyıq. Möhkəm kollektivimiz var, onu bu gün meydanda gördüm. Sona qədər mübarizə aparacağıq. Allah qoysa, istədiyimiz nəticələrlə mövsümü başa vurarıq".

Newsport.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 23-cü turunun "Neftçi" ilə (1:0) oyunundan sonra deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Oyunun nəticəsi ədalətli idi?

Yox, ən azından məğlub olmamalıydıq. Qollarımız qeydə alınsaydı, qol epizodlarından istifadə etsəydik...Bu mövsüm "Neftçi" ilə oyunlarda fantastik epizodlar qaçırırıq. Çox ciddi şanssızlıqlar yaşayırıq. 6-7 qol vurmuşuq, amma bu ərəfələrdə, qeydə alınmayıb.

- VAR-ın ləğv etdiyi qol epizodunuza baxdınız?

Birincisi, mənə görə foul yoxdur. Çünki topa oynayan Qismət Alıyevdir. O, topa oynayır və rəqib ayağını qoyur Qismətin ayağının altına. Bəs, Qismət ayağını hara qoymalıdır, uçmalıdır? Kilan Lebon öz ayağını onun ayağının altına qoydu. Əsas sualım odur ki, bu qol bizim qapıya vurulsaydı, VAR-dakı Rəşad Əhmədov əsas hakimi çağıracaqdı, ya yox? Başqa sualım yoxdur. "Sabah"la matçda Rəşad Əhmədov, "Səbail"lə görüşdə Rəşad Əhmədov, bu gün Rəşad Əhmədov...Korner vəziyyətindən qol vurduq, o qol bizim qapımıza olsaydı, qeydə alınacaqdı. Bizdə kompüter sistemi o səviyyədə deyil ki. Əllə çəkirlər. Bir az qabağa, bir az geriyə çəkirsən..Vəssalam, iş bitir. VAR-a çağırırsansa, baş hakimin beynini çalxalandırırsan.

- Sizə elə gəlmirki Rəhim Sadıqovun oyununda eniş var?

Əslində, son turlarda yaxşı performans göstərirdi. Bu gün də biz onu əsas heyətdə düşünürdük. Çox yorğun idi deyə, əsas heyətdə oynamadı. Salifu Suma üç gün idi ki, hərarəti var idi. Dünən də komanda ilə məşq etməmişdi. Hücum xəttindəki itkilərimiz davam edir. Bilmirsən, səbəbi nədir. Başımıza gəlməyən hadisə qalmayıb. Komandanın oyunundan narazı deyiləm. Bəlkə, "Turan Tovuz"la səfər görüşünü zəif keçirdik. Lakin digər matçlarda qələbəyə yaxın olmuşuq. Epizodlar girməyib, qollar sayılmayıb. 10 turda o qədər hadisələr baş verib ki, futbolçularımı tənqid də edə bilmirəm. Bu günkü oyunla futbolçularımı necə tənqid edim?

- Ruan Renatonun yoxluğu özünü göstərdi?

Təbii ki, özünü hiss etdirirdi. Amma Stefan Aka və Dimitros Çantakias da yaxşı oynadı. Abbas İbrahim səhvə yol verdi. Buna rəğmən müdafiəçilərimiz ayıq olmalıydılar. Çünki oyunumuz yaxşı gedirdi. Hər şey əla idi, psixoloji üstünlük bizdə idi. Belə məqamlarda bu cür qollar buraxmaq çox məyusedicidir. Rəqib cərimə meydançamıza girəndə qol olur, biz bunu edəndə, gah qapıçının başına, gah sinəsinə dəyir, gah da top dirəyə tuş gəlir. Bilmirəm. Qol vururuq, sayılmır.

- 10 oyunluq qələbəsizlik sindromunun səbəbini nədə görürsüz? Hakimlərin qərəzli mövqeyi, yoxsa məhsuldarlıqda problem var? 

Hücum xəttinin məhsuldarlığı aşağıdır. Orxan Əliyev, Aleksandr Ramalinqom təkbaşına bizim hücumdakı oyunçuların hamısından çox qol vurubsa, aydın məsələdir ki, məhsuldarlığımız aşağıdır. 22-23 tur ərzində qol vurmayan, məhsuldar ötürmə etməyən hücumameyilli oyunçularımız var. Son fazada çox yalnış qərarlar veririk.  Əsas problemimiz də odur.Tələsirik, sağa ötürmə vermək lazımdır, sola veririk. Hakimlərin səhvi də elə bir tərəf üçündür. 

- Rza Cəfərovun oyununu necə dəyərləndirərdiniz?

Rza gənc qapıçıdır, son turlarda çox inamlı çıxış edir. Keçən il burada 0:1 uduzanda Rzanın yaxşı seyvləri var idi. Bəlkə də, Rza ən uğurlu oyunlarını "Zirə"yə qarşı keçirir. Ancaq tək o da deyil. Məsələn, Kristof Atanqana bizimlə görüşdə iki dəfə barmağının ucu ilə seyv etdi. Hər dəfə görürsən, təəccüblənirsən. İki qol vurduq, saymadılar, gələn dəfə çox vuracacağıq ki, heç olmasa birini saysınlar.

- Bunlar hamısı hakimlərin Rəşad Sadıqova qarşı qərəzidir? Bir-iki dəfə narazılıq edəndə, bu, əks-təsir göstərir?

Niyə? O biri məşqçilər məndən çox etiraz edirlər, onlarda niyə əks təsir göstərmir? Başqa klublar da aqressiv danışır, video paylaşırlar. "Qarabağ"la oyundan qabaq Rəşad Əhmədov VAR-da olub. 9 oyundan 6-da Rəşad Əhmədov bizim oyunda idi. Ya VAR-da, ya AVAR-da, ya da baş hakim olub. Rauf Cabbarov gedir, Rəşad Əhmədov gəlir, ya da əksinə. Bu ikisindən heç cürə qurtula bilmirəm də. Ya mənim oyunlarımdadırlar, ya da rəqiblərimin. Oradakı bəzi qərarları görüb, başımızı tuturuq. Səbəb? Bilmirəm, Allah bilər. Axirətdə hamısını biləcəyik, kim nəyə görə və niyə edirdi. Belə də düşüncəli insanlar müəyyən təhlillər aparıb, tuta bilirlər məsələni. Bizə qalan simamızı itirməyib, işimizi görüb, mövsümün sonuna qədər komandanı çatdırıb, ondan sonra vəziyyətə baxmaqdır.

- Heç fikirləşirsiz ki, hakimləri ictimai şəkildə tənqid edəsiz? Xüsusi olaraq, hansısa proqramlara çıxasız..

- Verilişdi də, oturmuşuq burada 15-20 dəqiqədir söhbət edirik. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right