“Andreyi və “Qarabağ”ı “Braqa” üzərində qazanılan qələbə münasibəti ilə təbrik edirəm”. Newsport.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov Rusiya mətbuatına açıqlamasında deyib.
O, komandanın Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı Portuqaliyada 4:2 hesabı ilə məğlub etdiyi oyunu dəyərləndirib. Menecer Azərbaycan çempionunu arxayınlaşmamağa çağırıb: “Arxayınlaşmaq olmaz. Çünki hələ cavab görüşü var. Yenə də bütün futbol dünyası belə nəticə gözləmirdi. Düşünürəm ki, bu, avrokuboklarda həftənin ən böyük sensasiyasıdı”.
Menecer “Qarabağ”ın ikinci hissədəki çıxışını “heyranedici” adlandırıb: “Əks-hücumlarda nümunəvi oyun göstərdi. Görüş ərzində “Braqa”ya bir dəfə də olsun yüz faizlik qol şansı yaratmaq imkanı vermədilər. Buraxılan ilk qol özlərinin günahından oldu. Qapıçı cərimə meydançasında iki zərbəyə icazə verdilər. Avropanın ilk “6-lığ”ında qərarlaşan çempionatda dördüncü yerdən gedən komanda ilə səfərdə belə oynamaq “Qarabağ”ın səviyyəsinin göstəricisidi”.
Anton Smirnov rusiyalı qapıçının perofrmansından da razılıqla danışıb: “İlk hissədə Andrey bir az əsəbiləşdi və bəzi səhvlərə yol verdi. Ancaq ikinci hissədə yaxşılaşdı. Düzgün kökləndi, əsəbilik getdi. Tamamilə qüsursuz oynadı. Nəticədə komandada ən yüksək qiymətlərdən birini aldı”.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.