Azərbaycan Premyer Liqasının VII turu əlamətdar olayla başa çatdı.
Newsport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumatına görə, "Qəbələ”nin "Xəzər Lənkəran”ı 6:0 hesabı ilə darmadağın etdiyi görüşün ilk qolunun müəllifi Dodo tarixə düşüb.
Braziliyalı futbolçu Azərbaycan çempionatları tarixində dəqiq qeydiyyatı aparılan qollar arasında ən erkən topun müəllifi olub. O, 8-ci saniyədə lənkəranlıları cəzalandırmaqla bu şərəfə layiq görülüb. Elə buna görə də oyundan sonra matçdan sonra Luis İlario jurnalistlərin əhatəsinə düşüb.
- Yəqin ən erkən qolun müəllifi kimi rekord qırdığını bilirsən...
- Rekord müəllifi olduğuma görə çox şadam. Oyunun lap başlanğıcı idi. Əlimə şans düşdü və fərqləndim. Bilirsiz, Xorvatiyada – Zaqrev "Dinamo”sunda oynayanda da erkən qol vurmuşdum. O zaman 45-ci saniyədə fərqlənmişdim. Belə anlarda özünə inanmalısan. Bir futbolçunun karyerası üçün bu çox vacibdir.
- Daha hansı rekordları yeniləmək istəyirsən?
- Əvvəlcə Azərbaycan çempionu olmaq istəyirəm. Digər komandalara hörəmətlə yanaşıram, amma deməliyəm ki, bu il biz ən güclü komandlardan biriyik. Bu mövsüm çempion olmağı çox istəyirəm. Bu qoldan sonra ən çox istədiyim məhz budur.
- 6:0 gözlənilməz hesab oldu...
- Mən hər oyunda "Qəbələ” üçün əlimdən gələni etməyə çalışıram. Vurduğum qol "Qəbələ”nin qələbəsinə kömək edibsə, lap əla. Bu oyunda futbolçular meydanda bütün güclərini qoydu. Avropa Liqasından sonra göstərdik ki, bizim üçün oyunların fərqi yoxdu, qələbəyə oynayırıq.
- Komanda daxili arenada uğurlu çıxış edir. Avropa Liqasında qrup oynayırsız. Amma stadiona çox az azarkeş gəlir. Səbəbi nədir, səncə?
- Bu, vacib deyil. Əsas yaxşı nəticə göstərməkdi. Məncə, vaxt uyğun deyildi. Ola bilsin, Avropada, başqa ölkələrdə bu alınır, amma Azərbaycanda əhali elə də imkanlı deyil. İşdən sonra yorğunluqlarını istirahətlə çıxarmaq istəyirlər.
- "Neftçi” ilə növbəti oyuna hazır olacaqsız?
- Bu oyuna qədər yaxşı məşq edib hazırlaşmalıyıq. Bütün komanda hazır olmaldır.
- Zədəniz yoxdu ki?
- Yox, yox. Əvəzlənməyim sırf baş məşqçinin qərarı idi. O, baş məşqçidi, necə məsləhət görürsə, elə də etməliyik.