"Oyuna yaxşı başladıq. Bilirdik çətin olacaq".
Newsport.az-ın məlumatına görə, bunu "Neftçi"nin qapıçısı Aqil Məmmədov "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur matçından sonra deyib.
Gənc qolkiper istədikləri oyunu sərgiləyə bilmədikləri üçün uduzduqlarını söyləyib. Fəhmin Muradbəylinin ikinci hissənin əvvəllərində meydandan qovulmasına belə münasibət bildirib: "Hakimdən soruşdum, deyir ki, vurmuşdu. Nə deyə bilərəm? Vurubsa, deməli, qırmızı vərəqədir".
Məmmədov qapısından buraxdığı hər iki qolun yaxın küncə vurulmasına baxmayaraq, özünü günahkar saymayıb: "Düzdür, yaxın küncə vurulan qollar qapıçının səhvi sayılır. Amma baxır necə vurulur. Yaxın məsafədən qüvvətli zərbə ilə vurulubsa, deməli, qapıçılıq bir şey yoxdur".
"CBC Sport"