"Neftçi"nin futbolçusu Yuri Matias sabiq baş məşqçiləri Adrian Mutunun Bakı təmsilçisində uğur qazana bilməməsinin səbəblərindən danışıb.
Newsport.az xəbər verir ki, o, Rumıniyanın "Digi Sport" nəşrinə müsahibəsində Mutunun istefaya göndərilməsi ilə bağlı fikirlərini bildirib. Braziliyalı futbolçunun fikrincə, yayda "Neftçi"yə qoşulan Mutunun burada hazırlaşmaq üçün yetərincə vaxtı olmayıb. "Yeni futbolçular isə gec gəldilər" - deyə o qeyd edib.
Mutunun istəyi ilə "Neftçi"yə transfer olunan Yuri Matias bildirib ki, rumıniyalı çox ağıllı məşqçidir: "Sadəcə yayda o, komandada lazımınca hazırlıq keçə bilmədi".
Bununla yanaşı Matias ümid etdiyini bildirib ki, yeni baş məşqçi Miadraq Bojoviçin rəhbərliyi altında "Neftçi" mövsümün ikinci hissəsində yaxşı nəticələr qazanacaq: "İndi bizdə baş məşqçi dəyişib. Ümid edirəm ki, o, burada yaxşı işləyəcək. "Neftçi" Azərbaycanın böyük komandasıdır. Bizim liqadakı "Qarabağ" isə 10 ildir Avropada uğurla iştirak edir".
Yuri Matias "Neftçi"yə gəlməzdən əvvəl "Rapid"dən (Rumıniya) təklif aldığını, amma Azərbaycan klubuna keçdiyini də söyləyib. Matias gələcəkdə Buxarest komandasına keçəcəyini istisna etməyib: "Futbolda gələcəkdə hər şey ola bilər. Deməzdim ki, bu seçiçimə görə peşmanam".