Bir neçə gün əvvəl “Neftçi”dən istefaya göndərilən Adrian Mutu yeni komandasını müəyyənləşdirib.
Newsport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis yanvardan etibarən ölkəsində çalışacaq.
ÇFR və “Petrolul” rəhbərliyindən təklif alan Mutu seçimini birincilərin xeyrinə edib. Maraqlıdır ki, o, Kluj-Napoka təmsilçisinin “sükanı arxasında” baş məşqçi ola-ola rəhbərliklə anlaşma əldə edib. Rumıniyalı hazırda həmkarı Andrea Mandorlininin qovulmasını gözləyir.
Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan ÇFR lider “Styaua”dan 8 xal geri qalır. Bunu uğursuzluq sayan rəhbərlik italiyalı Mandorlini ilə yollarını ayırmağın planlarını qurur.
Qeyd edək ki, Adrian Mutu yayda “Neftçi”yə baş məşqçi təyin olunsa da, uğursuz nəticələr istefaya göndərilməsinə səbəb olub.