Azərbaycan Premyer Liqasının XVIII turunun "Sumqayıt" - "Səbail" oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
Newsport.az-ın məlumatına görə, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...
- Bir müddət əvvəl qəzada xəsarət alan PFL rəsmilərinə Allahdan şəfa diləyirəm. Onlar haqda danışmaq imkanım olmamışdı. Həddindən artıq hörmət etdiyim insanlardır. Danışır, əlaqə saxlayırıq. Allah köməkləri olsun. Qayıdaq oyuna, ciddi mübarizə, sıx oyun getdi. Bu mövsümün demək olar, ən sıx mübarizəli oyunu oldu. Xoşdur ki, qələbə qazandıq və fasiləyə yaxşı əhvalda gedirik. Azarkeşlərə təşəkkür edirəm, bizi tək qoymadılar. Futbolçuları təbrik edirəm. Oyuna qələbə üçün çıxmışdıq. Bu halda edəcəyin bir səhv futbolçunu təsir altına sala bilərdi. Bunun öhdəsindən gəldilər.
- Şahin Diniyev bu mövsüm iki oyunda da sizə məğlub oldu. Rəqib baş məşqçi Şahin Diniyev bildirdi ki, təki, Samirə uduzum. Buna münasibətiniz nədir?
- Şahin müəllim haqda nə deyim? Sözüm yoxdur. Millidə mənim məşqçim olub, yaxşı əlaqələrimiz var. Biz gənclər olaraq aramızda nəsə kiçik də olsa, rəqabət ola bilər. Amma Diniyev hamı ilə dil tapan insandır. Komplimentdirsə, çox sağ olsun, deyilsə də sağ olsun.
- Ninqanın durumu necədir?
- Oyundan əvvəl yaxşı idi. Lakin yenidən eyni yerdən zədə aldı. Sürətli oyunçular bir dəfə zədələnəndə demək olar, ləkə kimi düşür. Əfsuslar oldun, yenidən sıradan çıxdı. Toplanışı da buraxa bilər.
- Qış fasiləsi və belə nəticə. Şərh edərdiz?
- Yaxşı. Futbolçularımı inandırmağa çalışırdım ki, biz bu mövqelərdə ola bilərik. Hələlik bu yerdəyik, sonda necə olacağını bilmirik. Komandanı inamlı etmək üçün yaxşı şansdır. Toplanışa bu mövqedə getmək çox yaxşıdır. Toplanışa itkilərlə gedəcəyik. Vüqar Mustafayev də əməliyyat olunacaq. Ninqa da məlumdur.
- Komandanızın 3-cü yerdə olacağını gözləyənlər az idi. Uğurun sirri nədədir?
- Bizim kimi komandalar ilin ortasında nəsə tələb qoymur. Mövsümün əvvəlində plan cızılır və bu istiqamətdə işlər gedir. Lakin gözlənilməz hallar olur. Məsələn, "Lerik"lə oyunda yeni transferimizi il sonuna kimi itirdik. Bu, planların pozulmasıdır. Rəhbərliklə danışacağıq və inanıram ki, onlar da bunu bilir. 3-cü olmaq xoşdur. Biz hələ uğur qazanmamışıq. İndi bura olub, sonda 8-ci olsaq, sual da, dediklərim də yaddan çıxacaq.
- "Araz-Naxçıvan"ı məğlub edəndən sonra demişdiz ki, bu qələbə kiməsə sürpriz gəlirsə, deməli futbolu bilmir. İndi nə düşünürsüz?
- Burada kiməsə nəsihət vermək fikrində deyiləm. Lakin çox insanla razı deyiləm. Deyirlər şən futbol, belə futbol. Kimlərsə komandaları təhlil edirsə, dərin yanaşmalıdır. Biz komanda olaraq yaxşı işlər görürük. Bunu təhlil edənlər üçün bir siqnal olmalıdır. Təsəvvür edin, 3-4 həftə əvvəl dediyim sözlər var idi, indi 3-cü yerdəyik. İnsanlar bəzi şeylərdə insanları maarifləndirmək üçün daha savadlanmalıdırlar. Komandamı təhlil edirlərsə, komandadakı işləri görməlidirlər. İnanın, üzərlərində işləsələr, biz də maariflənərik. Bilirəm ki, yenə tənqidlər olacaq.
- Zaman sizi haqlı çıxardı...
- Hələki...
- Mövsümün əvvəlində komandada eniş baş vermişdi. Sonra stadion məsələsi hələ həll olmayıb. Komandanı siz motivasiya edirsiz, bəs özünüz? necə edirsiniz?
- Motivasiyam şəhərimdir. Evə gedənə qədər hamı soruşur. Motivasiyam azarkeşlərimdir. Haqsızlıqlarla üzləşmişik, amma yolumuzdan dönmədik. İndi çox şey danışmıram. İnşallah, mayda söhbət edərik.
- "Neftçi" sabah qələbə qazansa, sizi keçə bilər. Belə fikir var ki, sanki onlarla rəqabətdəsiz...
- Oyuna baxmayacam, sabah istirahət edəcəm, işlərim var. Bilmirəm, niyə həmişə mənim komandam kənarda qalır. Mənə həmişə "Neftçi"dən suallar verilir, bilmirəm. Xahiş edirəm, verməyin. Mənim öz komandam var. Bu gün bizi "Neftçi" və ya başqa komanda keçsə, fərq etmir. Əsas olan sonda harada olmağımızdır. Vallah, bu gün oyunda bəzi situasiyalar var idi, çox köklənmişdik. Düzdür, bu oyunla nəsə bitmir, amma bu, bir fundamentdir.
- Bəzi klublar Antalyaya getməkdən imtina etdi. Amma siz hələ fikrinizdən daşınmamısınız.
- Əvvəldən planlar qurmuşduq. Hər turdan tura eşidirik ki, komandalar getmir. Qətiyyətlə gedəcəyik deyə bilmirəm. Çünki biz də müzakirələrə başlamışıq. Şəraitimiz var. Ümid edirəm ki, qışdan sonra yeni stadionda oynayarıq. Getmək fikrindən daşına bilərik. Qurduğumuz planlar pozulur. Çünki yanvarın 8-də bir komanda ilə yoxlama oyun danışmışdıq, amma zəng edib bildilər ki, gələsi olmadıq. İndi rəqib axtarırıq. Hər şey ola bilər. Sabah biz də getməsək, təəccüblənməyin.