Şahin Diniyev: "Şikayətlənməyi sevmirəm, amma..."

Azərbaycan Premyer Liqasının XVIII turunun "Sumqayıt" - "Səbail" oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Oyun haqda danışmaq həm asan, həm asandır. Şikayətlənməyi sevmirəm, amma kiçik komandada 6 futbolçunun eyni anda olmaması problemdir. Dominant futbol oynadıq. Bəxtsizlikdən məğlub olduq. Buna layiq deyildik. Futbol belədir. Bəzən biz də layiq olmadığımız halda qələbə qazanmışıq. Bu gün də rəqibdən geri qalmadıq. İki komanda üçün vacib oyun idi. Yolumuza davam edəcəyik. Yanvarda transferlərə ehtiyacımız var. David Qomis və Ağabala Ramazanov mövsümü bitirib. Güclənməyə çalışacağıq. Düzgün yoldayıq. Bu gün "Sumqayıt"ı bu heyətlə qapısına sıxmışıqsa, deməli gələcəyimiz var.

- Mübariz oyun oynadınız. Bu gün "Səbail"ə xal qazanmağa konkret olaraq nə mane oldu?
- Həm bəxtsizlik... Ədalətli nəticə bərabərlik idi. Elə oyun idi ki, qol vuran qələbə qazanacaqdı. Yaxşı, səviyyəli oyun keçdi. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. "Sumqayıt"ın 60-cı dəqiqədən sonra fiziki gücü azalır. Bunu bilirdik, amma ehtiyat skamyamız zəif olduğu üçün bundan yararlana bilmədik. Məyus deyilik, düzgün yoldayıq. Yuxarı sıralardan uzaq deyilik. İkinci sıradan bir qələbə geriyik. Yanvardan sonra daha yaxşı olmağa və liderlik qrupundan qopmamağa çalışacağıq.

- Sizin iki dövrədə bir komandaya iki məğlubiyyət almağınızı xatırlamıram. Amma bu dəfə "Sumqayıt"a yenildiniz.
- Bir azərbaycanlının digərinə uduzmağı pis deyil. Legionerə məğlub olmamışıq. Oyunumuz da alınır, ancaq uduzduq. Bu da futbolun bir tərəfidir. Futbolda komandalar qələbə qazanır, məşqçilik yox.

- Komandanın bundan sonrakı hədəfdir?
- Mən sözümün arxasında duranam. İlk dəfə dedim ki, bilmirəm, baxacıq ki, harda olacağıq. Konkret deyirəm ki, avrokuboklar üçün oynayacağıq. Buna şansımız var və istifadə etməyə çalışacağıq.

- Transfer çalışmaları necə gedir?
- Bir istiqamət yoxdur. Mənim futbolumda driblinqi, sürəti olan oyunçuya üstünlük verilir. Tarant tipli yox, oyunu üzərinə götürən lazımdır. Portuqaliyadan, Fransadan axtarışlar gedir. Bunu braziliyalı, afrikalı oyunçular daha yaxşı bacarır. İki legioner götürəcəyik və yanılmamalıyıq. Onlar gəlib ehtiyatda oturmamalıdır. Diqqətli olmaq istəyirik.

- Samir Abasova uduzmağınızda problem yoxdur dediz. Adrian Mutuya, Murad Musayevə məğlub olmağınızın nəsə fərqi var?
- Mənim üçün şəxsi uğur yox, komandam vacibdir. Məşqçi kimi hamıdan zəif ola bilərəm, amma əsas komandam udsun. İndiki gənc məşqçilərin bir çoxu mənim tələbəm olub, onlara rəhbərlik etmişəm. Bu, məni sevindirir. Onlar Azərbaycan futbolunun uğuru üçün çalışır. Hansısa məşqçiyə qarşı xüsusi hazırlaşmıram. Əsas komandadır.

- Qoldan əvvəl qayda pozuntusu var idi?
- Düşünürəm ki, vermək olardı. Düzdür, daha dəqiq baxandan sonra doğrusunu demək olar.

- Millinin keçmiş baş məşqçisi kimi necə düşünürsüz, yığmaya yerli, ya xarici məşqçi lazımdır?
- Məşqçinin milliyyəti olmur. Mentalitetə uyğun olmaya bilər, amma əsas işi futbolumuzu qaldırmaq olmalıdır. Millidə baş məşqçi problemi yoxdur. 32 ildir səhv edirik, indi yenə davam edirik.

- Xaricilər bu illərdə nəsə edə bilmədi...
- Guya biz etdik? Gəlin, etiraf edək, problem orda deyil. Kim gəlsə, yenə jurnalistlər başlayacaq ki, istefaya getsin. 32 ildir, düzəlmir bu...

- Mən düşünürəm ki, AFFA istefaya getməlidir.
- Getdi, sonra kim gələcək? Sistem, yanaşma var. Lüksemburqa baxın, bizim kimi komandadır. Dünya çempionatında seçmə mərhələyə yüksələ bilərdilər. Hər ölkənin bir uğur yolu var. Bizimki də Şimali Makedoniyaya, Lüksemburqa uyğundur. Biz indi almanlarla özümüzə müqayisə edə bilmərik. İstəyirəm ki, yaxşı olsun, amma görürük ki, olmur. Bir səhvi 1, 2, 3 il etmək olar, 32 il yox.

- Coşqun Diniyev "Ümraniyespor"da yaxşı performans sərgiləyir. Amma komandanın nəticəsi yaxşı deyil. Sizcə, Coşqunun "Səbail"ə gəlməyi və avrokuboklara oynamağı yaxşıdır, ya komandasında qalıb çempionatı tərk etməməyə oynamağı?
- Orada qalmağı Azərbaycan futbolu üçün faydalıdır. Onun üçün ciddi mübarizə gedirdi. İstəyən komandalar var idi, Super Liqa üçün oynayanlar onu istəyirdi. Bu, ata kimi məni sevindirir. Düzdür, axrıncı oyunda qoçaqlıq edib, 4-cü sarı vərəqəni aldı. Heyif ki, ölkə xaricinə yollanmaqda gecikdi. Amma indi orada xoşbəxtdir. İndiki halda, onu buraya gətirməyə ehtiyac yoxdur.

- Fasiləyə 3-cü, yoxsa 5-ci getmək yaxşıdır?
- Danışmışıq və bizə "yaşıl işıq" yandırılıb. Sponsorlar haqda hamı tərifli danışır. Mən kimisə bəyənmirəmsə, ümumi danışmıram. Sponsorumuzla görüşdük və bizə müsbət cavab verildi. İlk növbədə stabil komanda yaratmalısan sonra nəticə verməlisən. Hər mövsüm 20 oyunçu gedib, 20-si gəlsə, nə olacaq? Bu il legionerlərimiz uğurlu oldu. Futbola kompleks yanaşma lazımdır. Baxın, 17 yaşlılarda nəticə var? Türkiyə necə dünya çempionatında bürünc qazandı? Aşağı yaş qruplarında vəziyyət yaxşı idi və onlar sonradan daha uğurlu oldular. Bizdə aşağı yaş qruplarında vəziyyət o deyil. Bizə qulaq asmırlarsa, sizi dinləyəcəklər. Siz yönləndirmə etməlisiz. Yanvarda yazacaqsız ki, püşkdə o düşdü, ondan bu qədər xal alarıq, belə edərik. Amma bunlar üçün nə etmişik?

- Bəzi məşqçilər qış toplanışınə ölkə xaricinə getməkdən imtina edib. Siz getməkdə niyə israr etdiz?
- Burada şəraitimiz yoxdur. Stadion tapmaq problemdir. Hazırlıq üçün burada şəraitimiz yoxdur. Olsaydı, qalardıq. Meydançamız yoxdur. Bu gün Tovuzda işıq dirəyi aşdı. Orada demək olar, oyunlar vaxtı projektorlar yanır. Amma bizdə hamı eyni yerdə məşq edir. Şəraitsizlik yoxdur.

- Zədəli oyunçunuz çoxdur. Bu da demək olar, meydança ilə bağlıdır... Bu haqda məsələ qaldırmısız?
- Ən çox zədəsi olan "Turan Tovuz" və bizik. 14 yaşlı uşaqda meniks zədələnməsi olur. Qomis və Süleymanın çarpaz bağları qopub. Bu, dəhşətdir. Yeni stadion inşa edib, sonra ora köçüləcək. Rəhbərlik yer tapıb. Ora köçdükdən sonra burada ot örtüyü dəyişəcək, baza da ora keçəcək. Bunun üçün də komanda yaxşı nəticə qazanmalıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right