"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan kubokunun 1/8 final mərhələsində Xankəndidə MOİK-lə keçirilən oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Xankəndini görmək çox sevincli və maraqlı idi. Bu, bizim üçün ən vacibi idi. Düzünü desəm, matçın özü arxa planda qaldı. Əsas odur ki, biz öz torpaqlarımızı gördük. Oyun da maraqlı keçdi. Xoşbəxtlikdən qələbə qazana bildik,
- Bu gün futbolun ikinci plana keçməsi nəticəyə də təsir etdimi?
- Bəli. Cənab prezidentimiz İlham Əliyev də qeyd etdi ki, bu gün bir qalib var, o da Azərbaycan xalqıdır. Həm də MOİK-in, yoxsa “Qarabağ”ın qalib gələcəyinin fərqi yoxdur.
- Öz oyununu necə dəyərləndirirsən? Fikirlər var ki, Elvinin performansı aşağı düşüb...
- Açığı, bu barədə heç nə eşitməmişəm. Azarkeşlərin fikrinə hörmətlə yanaşıram. Hər şey mümkündür. Amma düzünü desəm, mən özümdə belə hiss etmirəm. Daim məşq edirəm, öz üzərimdə işləyirəm. Bütün oyunlara ciddi yanaşıram. Mən həqiqətən daha uğurlu çıxış etmək istəyirəm.
- Meydançanın süni örtüklü olması oyununuza nə dərəcədə təsir etdi?
- Bəli, çətinliklərimiz oldu. Ot örtüyü çox pis idi. Buna görə oyunumuz alınmadı. İstənilən halda meydanda əlimizdən gələni etməyə çalışdıq.