Şahruddin Məhəmmədəliyev: "Oynamamağımın səbəbkarı Patrik Kluyvert deyildi"

Azərbaycan milli komandasının və "Adana Demirspor"un qolkiperi Şahruddin Məhəmmədəliyev Sportal.az saytına müsahibə verib.

- “Samsunspor”la matçda oynadın. Start heyətində meydana çıxmağın, özün üçün gözlənilməz oldu, yoxsa şans veriləcəyini ehtimal edirdin?

- Düzünü desəm, bir az gözlənilməz oldu. Amma prinsipcə, hər zaman çalışıram və oyunlara hazır olmalıyam. Şans verildiyi üçün də şad oldum. Komandama xeyir verməyə çalışdım. 

- "Samsunspor"la görüşdəki performansını necə dəyərləndirəcəksən? Çoxdandır ki, oynamırdın. Buna baxmayaraq, özünü qapıda rahat hiss edirdin?

- Məncə, yaxşı çıxış etdim. Amma təbii ki, daha da yaxşı oynaya bilərdim. Bilirsiz, Superliqadakı tempə öyrəşmək lazımdır. Məşqlə buna öyrəşmək olmur. Sadəcə olaraq, tez-tez oynamaq lazımdır. 

- Bu matçdan sonra Patrik Kluyvert komandadan ayrıldı. Bu sırf "Samsunspor"a məğlubiyyətlə əlaqəli idi, yoxsa oyundan öncə də ayrılacağını bilirdiz?

- Bu suala cavab verə bilməyəcəm.

- Səncə, Kluyvertin gedişi, sənin qarşıdakı matçlarda daha çox oynamağına kömək olacaq, yol açacaq? Çünki sənə çox da şans vermirdi...

- Oynamamağımın və ya mənə şans verilməməsinin səbəbkarı Patrik Kluyvert deyildi. O, məndən və işimə yanaşmağıçdan çox razı idi. Mən “Adana Demirspor”a gələndən bu yana komandamızın digər qapıçısının necə oynadığına baxsanız, heç bir sual qalmayacaq. O, həqiqətən də qapıda çox yaxşıdır. 

- Maraqlıdır, çox şans görməməyə davam etsən, qışda başqa komandaya ən azından icarəyə yollanmaq istəyəcəksən, yoxsa "Adana Dəmirspor"da əsas qapıçı olmaq üçün rəqabət aparacaqsan?

- Nəsə düşünmək üçün hələ çox az vaxt keçib. Səbr etmək və çalışmaq lazımdır. Onsuzda, karyeramda heç bir şey mənə asan başa gəlməyib. Hər zaman öz anımı gözləmişəm. İndi də, Allah istədiyi vaxt həmin an gələcək. Mən yalnız məşq edib, zamanımı gözləyirəm.

- "Qarabağ"da oynayanda sənə Rusiya klublarından da təklif var idi. Hətta "Axmat"ın da səni istədiyi deyilirdi. "Adana Demirspor"da çox oynadığını nəzərə alsaq, Rusiya klubuna keçməməklə peşman deyilsən?

- Mən hazırda “Adana Demirspor”un qapıçısıyam. Burada da özümü xoşbəxt hiss edirəm. Türkiyə Superliqası Rusiya çempionatından güclüdür.

- Bəs, Türkiyə Superliqası və Azərbaycan Premyer Liqası arasında necə, fərq böyükdür?

- Bəli, Azərbaycan və Türkiyə liqaları arasında fərq böyükdür. Oyunun tempi tamam fərqlidir. Hər şey burada çox tez edilir. Ən əsas fərq isə stadiondakı atmosferdədir. Çox istəyərdim ki, Azərbaycanda da stadionlarda oyunlara bu qədər azarkeş toplansın.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right