Adrian Mutu: "Hər şeyi Eminin üzərinə atmaq ədalətli olmaz"

"Neftçi" Azərbaycan Premyer Liqasının 15-ci turunda doğma meydanda "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çətin oyun oldu. "Zirə" yaxşı təşkilatlanmış komandadır. İlk yarıda bərabərsəviyyəli oyun gedirdi. İkinci hissədə daha yaxşı idik. Futbolçularımı meydandadakı davranışına və yanaşmasına görə təbrik edirəm. Onlar döyüşkən ruh göstərdilər. Məni daha da sevindirən amil odur ki, meydana sonradan daxil olanlar özlərini yaxşı tərəfdən göstərdi. Hər biri komandaya xeyir verdi. Sonda bu cür çətin oyunda qalib gəldik.

- Özünüz də hücumçu olmusuz. Komandanın bombardiri müdafiəçidir, Yuri Matias. Hücumçular isə qol vura bilmir. Lukas Melano, Andre Şinyaşiki və Aaron Olanare "Neftçi"ni irəliyə aparacaq hücumçulardır?

- Səmimi desəm, onların meydandakı davranışları məni qane edir. Əlbəttə, qol vurmamaqları məni narazı salır. Hər məşqçi istəyər ki, hücumçuları qollar vursun. Çünki onlar qollar vurmağa başlasalar, dərhal komandaya yaxşı təsir edər. İstəmirəm hər oyundan sonra təkrarlayım. Amma hazırkı vəziyyət belədir.

- Mark Tamaş və Kenni Sayef əsas heyət üzvləri idi. Onlar niyə oynamır?

- İndiyə qədər bütün oyunçulara şans vermişəm. Sözsüz ki, ilk onbirliyi seçəndə, çalışıram ki, ən yaxşılarını bura daxil edim. Mark və Sayef yaxşı məşq edirlər, komandanın bir hissəsidirlər. Məşqçi olaraq bu oyun üçün seçimim belə oldu. Rəhman Hacıyev tək qola görə yox, oyuna görə də məni sevindirdi. Biz bir komandayıq, fərq etmir kim 30 dəqiqə, kim az oynayır. Hamı komandaya xeyir verməyə çalışmalıdır. Hər oyunçu dərk etməlidir ki, biz bir komandayıq, bura "Neftçi"dir, heç kim özünə görə oynamır. Öz oyunçularıma həmişə deyirəm ki, onlar komanda şəklində oynasalar, hər matçda qələbə qazanarlar. Bu gün də komanda şəklində çıxış etdik.

- Qışda komandadan gedəcək oyunçuları müəyyənləşdirmisiz?

- Bu suala keçən həftə oyundan sonra konfransda cavab vermişəm. Analiz olunur, hələ qış fasiləsinə 20 gündən çox vaxt var.

- Oyunboyu azarkeşlərin etirazı var idi. Sizcə ədalətli idi və sizə müsbət və ya mənfi təsiri oldu?

- Azarkeşlər orada necə istəyirlər, davrana bilərlər. Hər birimiz bilirik ki, biz daha çoxunu verə bilərik. Ona görə onlar narazılıqda haqlıdırlar.

- Rza Cəfərova şans verirsiz. İvan Brkiç sağaldıqdan sonra da gənc qolkiper oynayacaq?

- Futbol elədir ki, şans gələndə, düzgün yararlanmaq lazımdır. Hazırda Rza ona verilən şansdan maksimum yararlanır. Deyə bilmərəm ki, növbəti matçlarda necə olacaq.

- Rəhman Hacıyev meydana sonradan daxil olub, vacib qollar vurur. Belə çıxır ki, onu "coker" kimi meydana buraxmaq xeyirlidir?

- Oyuna əvvəldən başlayandan da ondan razı qalırdım. "Sabah"la matçda qolu var idi. Beş qol vurmuşub. Ən məhsuldar futbolçumuzdur, amma nominal hücumçu deyil. Söhbət 11 oyunçudan yox, "Neftçi"dən gedir. Hər bir futbolçu komandaya xeyir verməlidir. Oyunçularıma o gözlə baxmıram ki, bu ilk onbirliyin üzvüdür və ya əvəzetmədən meydana daxil olan. Hamısına eyni gözlə baxıram. Futbolçu olanda da məşqçilər tərəfdən belə yanaşma görməmişəm.

- Qol vurduqdan sonra futbolçularınız daha çox yerə yıxılmaq və vaxt aparmaqla məşğul idi...

- Düşünmürəm ki, siz dediyinzi kimi futbolçularım vaxt itirirdilər. Sadəcə onlar həmin dəqiqəni daha yaxşı idarə edirdilər. Bununla bağlı yaxşı təcrübəmiz var. Bu, futbolçuların özünün "bicliyi" idi. "Araz-Naxçıvan"la oyunda düzgün nəzarət etsəydilər, üç xal qazanardıq. "Sabah"la matçda da həmçinin bir xal qazanardıq. Artıq futbolçularım öyrənir ki, dəqiqəni necə idarə etmək lazımdır. 

- Eddi İsrafilov intizamsız futbolçudur. Onun intizamsızlığınını aradan qaldırmaq üçün tədbirlər görürsüz?

- Hər dueldə çox istəklidir ki, qələbə qazansın. Ola bilsin ki, ona görə bəzi duellərə çox tələsik gedir. Kartlardan da bir az narahat  olmalıdır. Çünki komandaya zərər vura bilər. Xoşlayıram ki, həmin mövqedəki oyunçular aqressiv olsunlar. Pozitiv mənada aqressiv deyirəm. Uzun müddət zədəli olub, yeni qayıdıb, bərpa olunur. Düzgün yoldadır. Daha çox oyun lazımdır ki, ritmə düşsün. Ona görə də bir az formadan uzaqdır. Duellərə gecikə bilər.

- Əgər heyət stabil olarsa, nailiyyət özü gəlir. Ancaq düşünmürəm ki, "Neftçi"də stabil heyət var. Sizcə, nailiyyətin açarı stabil heyətdir?

- Nəticələrdə davamlılıq olsa, ilk onbirlikdə də stabillik olacaq. Siz mənim yerimdə olsaz, qələbə qazanmasanız, dəyişiklik etməzsiz? Keçən oyundan fərqli olaraq iki dəyişiklik edildi. Adaptasiyam artıq bitir. Futbolçular da necə davranmalı olduqlarını bilməlidir. Bəzi oyunlara baxsaq, bəxtsizliklə qarşılaşmışıq. Bu komandanın potensialını bilirəm. Hücumçular geridədirlər. "Zenit"lə oyunda qalib gəldikdən sonra baxırsan ki, "Sumqayıt"a uduzursan. Bu, narahat edən məqamdır. Bu haqda oyunçularla danışıram. Burada açıqlamayacam. Nəticələrdə davamlılıq olmalıdır. Oyunçuların köməyi ilə bunun öhdəsindən gələrik.

- Emin Mahmudovun ötən mövsümlə müqayisədə və ya millidəki performansı ilə "Neftçi"dəki arasında niyə belə fərq var? Motivasiyasızdır?

- Düşünürəm ki, bütün məsuliyyəti Eminin üzərinə atmayaq. Ən yaxşı milli oyunçumuzdur. Hamı onun üzərinə böyük təzyiq yaradır ki, Emin xüsusi nəsə etməlidir. Hər şeyi onun üzərinə atmaq ədalətli olmaz. Çünki komandada oynayan təkcə Emin deyil. Məşqlərə yanaşması, davranışı çox peşəkar səviyyədədir. Çox motivasiyalıdır. Sizə əminliklə deyə bilərəm ki, komandada hamıdan çox o istəyir qollar vursun, "Neftçi"yə xeyir versin. Ümid edirəm ki, növbəti oyunlarda buna nail ola biləcək. Bəlkə bizim də hansısa səhvimiz var ki, topu ona düzgün şəkildə gətirib çatdıra bilmirik və o da düzgün istifadə edə bilmir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right