Rəşad Sadıqov: "Neftçi"nin yeganə hücumu qolla nəticələndi"

"Zirə" Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandama təşəkkür etmək istəyirəm. Çox keyfiyyətli oynadıq. İstəməzdik ki, uduzaq. Qələbəyə köklənmişdik. Bilirdik ki, qələbə bizə üstünlük yarada bilər. Risk etmək olardı. Çoxsaylı hücumlar etdik, oyuna nəzarət bizdə idi. Rəqibin yeganə təhlükəli epizodunda... Heç təhlükəli epizod da deyildi. Rəhmanın başla qol vurmasını nadir hallarda görürük. Yeganə hücumları qolla nəticələndi. Biz qol epizodları yaratdıq, amma top qapı xəttindən keçmək istəmirdi. Bu oyunu inkişaf etdirsək, mövsümün sonunda uğurlu nəticə əldə edə bilərik. Komandamın inkişafı məni sevindirir.

- Komandada bitirici hücumçu çatışmır. Bu barədə çalışmalara başladığınızı demişdiz. Qışda hücumçu transferi olacaq?

- Hər komanda istəyər ki, heyətdə hər oyun fərqlənən oyunçu olsun. İmkanlara uyğun komanda qurmuşuq. Narazı deyiləm. Amma hamı istəyər ki, fərqli oyunçular gətirib, heyəti genişləndirsin. Amma buna bu gün imkan yoxdur.

- Hakimlərlə iradlarınız olurdu. Bir epizodda kinayə ilə "time-out" da dediz. Hakimlikdən narazı qaldız?

- Nəticəyə təsir edən səhvlər olmadı. Sadəcə, Ruan Renatoya sarı kart verildi. Növbəti oyunu buraxacaq. Əvəzetmə hazırdır, baş hakim "Neftçi"nin oyunçusu ilə danışır. Bunların nəticəyə təsiri yoxdur. Amma xoşagəlməz məqamlardır. Futbolçuları və məşqçiləri də gərginləşdirir. Olur da, nəisə.

- Altı ildir ki, bu stadionda qalib gələ bilmirsiz...

- Kubokda qalib gəlmişdik. Qələbələrə çox yaxın olmuşuq. Bəlkə də evdə "Neftçi" ilə oyunlarımız daha ağır keçir. Bu gün üstün tərəf biz idik. Keçən il 1:2 uduzduğumuz matç var idi, biz qalib gəlməliydik.

- "Zirə" ilk dəqiqələrdən daha çox pressinqlə, daha maraqlı oynaya bilər?

- Olar. Hücum futbolunu xoşlayıram. Müdafiəçi olsam da, belədir. Hər hansı passiv oynamaq göstərişimiz olmur. Oyunun əvvəlində komandaya daha diqqətli oynamağı tapşırıq veririk. Dəqiqələr ötdükcə çalışırıq ki, hücumlarımızı artıraq. Bu gün də birinci hissədə biz daha təhlükəli idik. Futbol taktiki oyundur. Şəraiti düzgün qiymətləndirmək lazımdır. "Neftçi" ilə oyunda 90 dəqiqə planda olmalıyıq, planını pozsaq, mən başda olmaqla, ağılsızlıq olar. Düşünürdüm ki, oyunun gedişatı fərqli olacaq, "Neftçi" irəli atılacaq. Daha təhlükəli tərəf biz idik.

- Əvvəl demişdiz ki, Yeqor Boqomolskini icarəyə götürmək istəyirsiz. Bu, hələ də aktualdır?

- Transfer dövründə müzakirə edəcəyik. 

- Hakimlikdən əksər məşqçilər narazıdır...

- Özümə aid epizodları müzakirə edə bilərəm. Bu mövsüm nəticəyə təsir edən epizodlar az olub. Amma məsələn, Pyer Zeblinin qırmızı vərəq epizodu var idi, orada qırmızı yox idi. “Qəbələ”də penaltimiz verilmədi. Amma hakimlərin işinə gəldikdə, həmişə dürüst olmuşam. Bu mövsüm hakimliyin yaxşılaşdığını düşünürəm. Şəxsi fikrim odur ki, tam əksinə hakimliyin səviyyəsi qalxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right