"Rəqib güclü komanda idi. Amma meydanda daha üstün tərəf biz idik”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi”nin futbolçusu Anyete deyib.
Azərbaycan Premyer Liqasının 6-cı turunda "Qarabağ”la qarşılaşan paytaxt klubu qələbəni son anda əldən verdi. Uzatma dəqiqələrində penaltidən qol "yeyən” "Neftçi”nin hücumçusu Antonio Kinta matçdan sonra oyunun baş hakimi Fariz Yusifovu o ki var "tərifləyib”. Anyete qəti danışıb:
"Qələbəyə layiq idik. Çox yaxşı çıxış etdik. Sadəcə, hesabı qoruya bilmədik. Hamı nələrin baş verdiyini gördü. Məncə, nəticə bizim üçün ədalətsiz idi. Çünki orda penaltidən əsər-əlamət yox idi. Azərbaycan futbolunun inkişafından danışmaq istəyiriksə, belə hakimlərə yer olmamalıdır. Gözəl atmosferdə keçən oyunda hakim hər şeyi məhv etdi”.
Anyete "Qarabağ” Avroliqa oynayır deyə, yarı güclə mübarizə aparması mümkündümü” sualına belə cavab verib: "Razı deyiləm bu fikirlə. Sadəcə, "Qarabağ”ın rəqibi də güclü idi. Ona görə onlar zəif oynadı. Yəni onlara oynamağa imkan vermədik”.
Oyunun gedişində Araz və Ruslan zədələnməsiylə bağlı danışan ispan forvard qısaca belə deyib: "Onlar bizim üçün vacib futbolçulardı. Amma sonradan meydana girənlər onların yoxluğunu hiss etdirmədi”.
Anyete son olaraq "Neftçi” futbolçularının hesabı açdıqdan sonra tez-tez yerə uzanaraq vaxt uzatmaları haqda danışıb: "Futbolda belə şeylər olur. Bundan təkcə biz etmirik ki. Bizə qarşı da belə şeylər olur. Bu haqda geniş danışmağa ehtiyac yoxdu”.