AVRO-2024-ün seçmə mərhələsinin son turunda keçiriləcək Belçika – Azərbaycan oyununun macarıstanlı hakimi Gerqo Boqarın yolu ilk dəfə təmsilçilərimizlə kəsişəcək.
Newsport.az-ın məlumatına görə, 32 yaşlı Boqar cəmi 3 ildir FIFA referisi adını daşıyır.
Macar hakim 2020-ci ildən bəri 31 beynəlxalq matçda ədaləti qoruyub. Bura həm aşağı yaş qruplarının, həm əsas millilərin, həm də klubların oyunları daxildir.
Boqar 2023/2024 mövsümündə avrokuboklarda 4 matç idarə edib. Bunlardan ikisi təsnifat mərhələlərinə, ikisi isə UEFA Konfrans Liqasının qrupuna təsadüf edir. O, son olaraq noyabrın 9-da 1:1 hesabı ilə başa çatan “Slovan” (Slovakiya) – “Lill” (Fransa) qarşılaşmasında ədalət təmsilçisi olub.
Qeyd edək ki, noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla ikinci pillədədir. Millimiz isə 7 xalla 4-cü yerdə qərarlaşıb.