Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Qarabağ"la heç-heçə edən (1:1) "Neftçi"nin baş məşqçisi Samir Əliyev oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, Əliyev komandasının rəqiblə barabər mübarizə apardığını deyib:
- Bu gün "Neftçi" "Qarabağ"la bərabər mübarizə apardı. Oyunun gedişində önə keçməyimizə baxmayaraq, hesabı qoruya bilmədik. İndi bu oyunu unudub gələn oyunlara köklənməliyik. Hakimin qərarı barədə bir söz deyə bilməyəcəm. Çünki epizodu yaxşı görmədim. Ancaq istənilən halda hakimin qərarı oyunçuların psixologiyasına təsir edəcək.
- "Neftçi"nin oyunçuları oyunun sonlarına yaxın yerə yıxılaraq vaxtı uzadırdı.
- İstəməzdim oyunçularım bu üsulla vaxtı uzatsın. Ən azından bu, "Neftçi"nin adına yaraşan hərəkət deyil. Ancaq qəbul etməliyik ki, bu gün "Qarabağ" bizdən güclüdü. Fəhminin yıxıldığı epizoda gəldikdə isə, onun doğrudan zədəsi var idi.
- Oyunun əvvəlində Arazı Ruslanla əvəzlədiz. Ruslan gələn oyunlarda əsas heyətdə çıxa bilər?
- Ruslan millinin üzvüdü. Ancaq bu o demək deyil ki, o həmişə əsas heyətdə oynamalıdı. Nə vaxt hazır olsa, onda da əsas heyətdə oynayacaq.
- Bu oyunda siz taktikada Qurban Qurbanova qalib gəldiz...
- Bu oyunda yaxşı oynamağımız o demək deyil ki, həmişə belə olacaq. Əsas odu ki, biz bir istiqamət götürmüşük. Bu istiqamətdə yolumuzu davam etdirməliyik. Seleksiya işlərimizi davam etdiririk. Qış fasiləsində yeni oyunçuların transferi barədə düşünəcəyik. Ancaq yenə də yerli oyunçulara üstünlük verəcəyik.
- Siz yerli oyunçulara üstünlük verəcəyinizi dediz. Əminsiz ki, klub rəhbərliyi də sizin kimi düşünür?
- Rəhbərlik hələ ki, mənim işimdən razıdı. Sağolsunlar mənə güvənirlər.